Dini bayramlarda ağsaqqalları ziyarət etmək ənənəvi davranışdır. Bu gün, xüsusilə böyük şəhərlərdə yaşayanlar dini bayramları bayram fürsəti kimi görüb bayram planları qursalar da, Anadoluda bu ənənə hələ də davam edir, ayrılıq və qovuşma zamanı əl öpmək ədəb qaydalarından biridir. Sevgi, hörmət və sədaqət kimi bir çox duyğuların ifadəsidir. Müsəlman cəmiyyətlərində və bəzi digər Şərq cəmiyyətlərində əl öpülür və alına qoyulur. Bu davranış əli öpülən insana göstərilən hörmət və sevgini ifadə edir. Bu cür əl öpüşlərində uşaqlar, adətən, böyüklərin əllərini öpürlər. Proses bəzən əli öpülməli olan şəxsin əlini təklif etməsi, bəzən də öpən şəxsin əl istəməsi ilə başlayır. Müsəlman cəmiyyətlərində naməhrəm (qarşı cins) insanların əlləri çox yaşlı olmadıqca, ümumiyyətlə, öpülmür. Bir rəvayətə görə, Əli bin Əbu Talib belə demişdir: “Atanın övladının əlini öpməsi məhəbbət, uşağın atasının əlini öpməsi ibadətdir, ərin arvadının əlini öpməsi istəyə görədir. İnsanın din qardaşının əlini öpməsi dinə görədir". Əl öpmək adəti Balkanlar, Yaxın Şərq və Qafqaz kimi müxtəlif coğrafiyalarda böyüklərə hörmətin ifadəsi kimi görünür.
Mənbə: Detay Kıbrıs
Tərcümə etdi: Aminə Paşazadə
