Bu gün:

Atlar ayaq üstə necə yatırlar?


Atların ayaq üstə yatmaq kimi qeyri-adi qabiliyyəti var. Atların ayaq üstə yatmasını təmin edən ayaq əzələləri, bağlar və vətərlərdir. Bu xüsusiyyətləri sayəsində dizlərini bağlaya bilən atlar yıxılmadan ayaq üstə yuxuya gedə bilirlər.

 

At yatarkən üç ayağı üzərində tarazlıq saxlaya bilir. Bu yolla o, digər sərbəst ayağını da dincələ bilər. Bu şəkildə sərbəst ayağını dəyişdirərək və bütün ayaqlarını dincəlməklə ayaq üstə yata bilər. Bir atın 500 kq-dan çox kütləsi ola biləcəyini nəzərə alsaq, bu xüsusiyyətin atlar üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək olar.

Atlar təkcə ayaq üstə yuxuya getmirlər, həm də uzanaraq yata bilərlər. Əslində, alimlər atların hər gün uzanıb yatması lazım olduğunu bildirirlər. Çünki atların beş fərqli yuxu mərhələsi var, bəziləri yüngül, bəziləri isə dərindir. Atların yuxu dövrü dərin yuxu fazası (REM yuxusu) və ardınca yüngül yuxu fazaları ilə tamamlanır. Beynin düzgün işləməsi üçün zəruri olan dərin yuxu mərhələsi yalnız uzanaraq yatdıqları zaman işə düşür. Bu səbəbdən atların hər gün müəyyən müddət uzanıb yatması lazımdır. Atların ayaq üstə yatarkən REM yuxusuna gedə bilməmələrinin səbəbinin özünü qoruma mexanizmləri ilə əlaqəli olduğu düşünülür.

Atların ayaq üstə yatmaq qabiliyyəti vəhşi atlar üçün ən vacibdir. Təbiətdə açıq ərazilərdə yaşayan vəhşi atlar bu xüsusiyyətləri sayəsində ovlanmaqdan qaça bilirlər. Atlar ağır heyvanlar olduğu üçün yerdən kifayət qədər tez qalxa bilmirlər və ovçu tərəfindən asanlıqla tutula bilirlər. Ancaq, ayaq üstə yatdıqda yaxınlaşan təhlükələrdən daha asan xilas ola bilirlər.


Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et