Bu gün:

Niyə ot biçilən zaman xoş qoxu gəlir?


Əgər siz təbiətin əhatəsində böyümüsünüzsə, biçilmiş otdan gələn xoş və kəskin qoxu ilə tanışsınız. Normalda çox qoxusu olmayan ot biçildikdən sonra bizi təsirləndirəcək xoş bir qoxu yayır. Bəs bu biçilmiş ot qoxusunun mənbəyi nədir? Gəlin daha yaxından nəzər salaq.

Klassik çəmən qoxusu karbon elementindən ibarət olan "yaşıl yarpaq uçucuları" adlanan kimyəvi maddələrə görə yaranır. Bu ətirli kimyəvi maddələr az miqdarda olsa belə, daim ifraz olunur. Ancaq otda stress yarandıqda daha çox ifraz etməyə başlayır və beləliklə kimyəvi maddələrin yaratdığı qoxunu asanlıqla təsbit edə bilirik.

Bəli, düz eşitdiniz. Çəmənliklər də stress yaşaya bilər. Çəmən biçən maşını ilə ilk zərər görən otlar bu təhlükənin yaratdığı stress səbəbiylə uçucu kimyəvi maddələr ifraz edərək qonşu otları xəbərdar edir. Xəbərdarlığı hiss edən qonşu otlar, yarpaqlarındakı şəkəri və onlar üçün lazım olan digər faydalı qaynaqları kök kimi çatması daha çətin olan yerlərə ötürərək, mümkün hücumu ən az zərərlə dəf etməyə çalışırlar. Bu xəbərdarlıq mexanizmi bir neçə dəqiqə ərzində işə salına bilər və təhlükə keçdikdən sonra ot əvvəlki vəziyyətinə qayıdır.

Yaşıl yarpaq uçucularının yaratdığı qoxu otlara xas deyil. Bu uçucu maddələr bir çox təzə yaşıl tərəvəzlərdə də müəyyən miqdarda olur. Lakin biçin zamanı bir çox otlar eyni vaxtda təhlükəyə məruz qaldığından, yaranan qoxu da artır.

Bitkilər bu stimullaşdırıcı yaşıl yarpaq uçucularını təkcə qazonbiçənlərə qarşı deyil, həm də onlara zərər verə biləcək həşəratlara və onların xəstələnməsinə səbəb ola biləcək infeksiyalara qarşı ifraz edirlər. İfraz olunan uçucu maddələrin yaratdığı qoxunu təsbit edən bitkilər daha davamlı olur və özlərini qoruya bilirlər.

Mənbə: bilimtubitak


Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et