Bu gün:

Yağışda gəzərkən daha çox islanırıq, yoxsa qaçarkən?


Demək olar ki, hər kəsin eşitdiyi bu sual bir çox fizik, riyaziyyatçı və mühəndislərin də diqqətini çəkib. Bu mövzuda araşdırmalar müxtəlif fərziyyələr üzərində getdiyi üçün əldə edilən nəticələr də bir-birindən fərqlidir. Əvvəlki tədqiqatlarda əldə edilən nəticələri aşağıdakı kimi ümumiləşdirə bilərik.

1. Yağış şaquli olaraq yağırsa və ya cismin hərəkət istiqaməti ilə küləyin istiqaməti bir-birinə ziddirsə, daha az yağış damcısına məruz qalmağın ən yaxşı variantı qaçmaqdır.

2. ⁠Külək və obyektin hərəkət istiqaməti paralel olarsa, ən yaxşı seçim müəyyən sürətlə yerimək olardı. Burada xüsusi sürət hərəkət istiqamətində küləyin sürətinin komponentinə bərabərdir.

Əvvəlki araşdırmalarda insan bədəni yerinə daha sadə formada olan paralelepiped cismin hərəkət etdiyi düşünülürdü və əldə edilən nəticələr insan orqanizmi üçün ümumiləşdirilirdi. Ancaq İtaliyanın Brescia Universitetindən Prof. Dr. Franko Bocci hesab edir ki, tədqiqatlarda paralelepiped obyektindən istifadə problemi çox sadələşdirir və buna görə də əldə edilən nəticələri insan orqanizmi üçün ümumiləşdirmək mümkün deyil. Prof. Dr. Boccinin sözlərinə görə, məruz qalacaq yağışın miqdarı yağışda olan obyektin formasından, eləcə də küləyin istiqamətindən asılıdır. Prof. Dr. Bocci “European Journal of Physics”də dərc olunan məqaləsində yağışlı havalarda optimal sürətin sizin nə qədər arıq olduğunuza, küləyin sürətinə, yağış damcısının ölçüsünə və yol ilə küləyin istiqaməti arasındakı bucaqdan asılı olaraq dəyişdiyini göstərib. Bu amillərin müəyyən kombinasiyası göstərdi ki, bəzən optimal templə yerimək yaxşı seçimdir, əksər hallarda isə mümkün qədər tez qaçmaq daha az islanmaq üçün ən yaxşı seçimdir.

Nəticə olaraq, yanınızda çətiriniz olmadan leysana tutulmusunuzsa və hədəfiniz uzaqda deyilsə, daha az yağış damcılarına məruz qalmaq üçün bacardığınız qədər sürətlə qaçın.

Mənbə: bilimtubitak 


Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et