Bu gün:

Köhnə kitabların niyə gözəl ətri var?


Texnologiyanın inkişafı ilə elektron kitablar getdikcə adi hala çevrilsə də, ikinci əl kitab mağazalarını gəzərkən kitaba toxunmaq və köhnə kitabların qoxusunu içinə çəkmək hələ də bir çox insan üçün əvəzolunmaz bir zövqdür. Yaxşı, bu qoxuya səbəb nədir?

Kitab səhifələrini təşkil edən kağızın quruluşu əsasən sellülozadan ibarətdir. Kağızda liqnin kimi az miqdarda digər kimyəvi maddələr də var. Köhnə kitabların qoxusu istilik və ya işığın təsiri altında zamanla bu kimyəvi maddələrin parçalanması nəticəsində yaranır.

Liqnin selülozun köməyi ilə bitkiyə güc verən və bitkinin odunsu quruluşa sahib olmasını təmin edən kimyəvi maddədir.

Kağızın strukturunda olan liqnin havada işığın, istiliyin və ya oksigenin təsiri altında oksidləşir və turşulara parçalanır. Yaranan bu kimyəvi molekullar sellülozun parçalanmasına səbəb olur. Köhnə kitabların qoxusunun mənbəyi sellülozun parçalanması nəticəsində əmələ gələn və asanlıqla buxarlana bilən müxtəlif üzvi birləşmələrdir.

Hiss etdiyimiz qoxu əmələ gələn uçucu maddələrin növündən asılı olaraq fərqlənə bilər. Məsələn, benzaldehid acı badam kimi qoxu verir, etilbenzol və toluol isə şirin qoxuya malikdir. Kağızın növü və kitabın köhnəlmə müddəti də buraxılan kimyəvi maddələrin növünə və miqdarına və beləliklə də hiss etdiyimiz qoxuya təsir göstərir. Məsələn, çox köhnə kitablarda istifadə edilən kağız, bu gün çap olunan kitablarda istifadə edilən kağızdan daha çox liqnin ehtiva edir. Bundan əlavə, müxtəlif keyfiyyətli kağızlar istehsal edərkən istifadə olunan yapışdırıcıdan, kağızın emalında istifadə olunan digər kimyəvi maddələrdən və mürəkkəbin növündən asılı olaraq qoxu zamanla dəyişə bilər.

Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər 


Paylaş
Şərh əlavə et