Aparılan araşdırmaya görə, “Game of Thrones” filmindəkinə bənzər nəhəng buz divarının Amerikaya gedən ilk insanların qarşısını kəsdiyi aşkar edilib. Bəs bu nə dərəcədə real ola bilər?
Yeni araşdırmaya görə, Amerika qitəsinə köç edən ilk insanlar təxminən 900 metr hündürlüyü olan nəhəng buz divarı ilə qarşılaşıblar. Nəticələr Amerika qitəsidəki ilk insanların Sakit okean sahillərində qayıqlarla səyahət etdiyini göstərir. Ehtimal olunur ki, bu nəhəng divar Asiyanı Amerika ilə birləşdirən qurudan girməyə mane olur. Bəs niyə? Bu yer hələ də öz sirrini qoruyur.
İki nəzəriyyə var idi
İnsanların Şimali Amerikaya gəlişi ilə bağlı iki əsas nəzəriyyə var idi. Birincisi, onların bir vaxtlar Asiyanı Şimali Amerika ilə birləşdirən quru hissəsi olan Beringiyadan gəldiklərini, ikincisi isə kiçik gəmilərlə Asiyadan Sakit okean sahilləri boyunca səyahət etdiklərini irəli sürdü. Arxeoloqlar 13.400 il əvvələ aid daş alətlərə əsaslanaraq, Asiyadan Amerikaya ilk köç edənlərin Klovis kimi tanınan qədim mədəniyyətə mənsub insanların olduğunu düşünürdülər. "Buzsuz dəhliz" adlanan quru kütləsi üzərində aparılan araşdırmalar göstərdi ki, Klovislilər bu marşrutdan istifadə etmiş ola bilər.
Lakin sonradan tapılan ayaq izləri və daş əşyalar ilk insanların Nyu-Meksikoya təxminən 23 min il, Mərkəzi Meksikaya isə 26 min 500 il əvvəl gəldiyini göstərdi. Nyu-Meksiko və Mərkəzi Meksikaya gedən insanların bu qurudan istifadə etməsi mümkün görünmürdü.
Buzsuz keçid nə vaxt açıldı?
PNAS elmi jurnalında dərc edilən araşdırmada buzsuz dəhlizin nə vaxt açıldığı müəyyən edilməyə çalışılıb. Quru kütləsinin mövcud olduğu güman edilən bölgədə 1200 kilometr uzanan 6 məntəqədən götürülmüş 64 geoloji nümunə araşdırılıb. Oreqon Dövlət Universitetindən Cori Klarkın rəhbərlik etdiyi tədqiqat qrupu dəhlizin təxminən 13.800 il əvvəl açıldığını ortaya qoydu. “Bizim indi buzsuz dəhlizin açıq olmadığına və Amerika qitəsinin ilk xalqları üçün uyğun olmadığına dair tutarlı sübutlarımız var”,- deyə Klark bildirib.
900 metrə çata bilər
Komanda həmçinin bölgədəki buz təbəqələrinin 900 metr yüksəkliyə çata biləcəyini də müəyyən edib. Məşhur "Game of Thrones" serialındakı nəhəng divarı xatırladan bu təbəqələr insanların bölgədə səyahətini qeyri-mümkün edir. Digər tərəfdən, tədqiqatçılar tarixin heç bir dövründə insanların bu dəhlizdən istifadə etmədiyini demirlər. Tapıntılar yalnız ilk mühacir dalğasına aiddir. Bu araşdırma aydın göstərir ki, insanlar qitəyə ilk gəldiyi zaman dəhliz miqrasiya yolu kimi istifadə edilə bilməzdi.
Mənbə: milliyyet.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
