Bu gün:

Planetlərin adlarının mənşəyi


Kainatdakı kosmik obyektlərin əksəriyyətinin adı qədim yunan və roma allahlarının adından götürülmüşdür. Günəş sisteminin planetlərinin müasir adı da antik mifologiya qəhrəmanlarının adı bağlıdır.

Planetlər arasında yalnız biri istisna təşkil edir: onun adının qədim tanrılarla heç bir əlaqəsi yoxdu. Yaxşı, bəs  söhbət hansı planetdən gedir?

Pluton

Plutonun statusu cırtdan planet olaraq müəyyən edilmişdir. 1930-cu ildə kəşf olunan planet adını Venetia Burney adlı məktəbli qıza borculudur. Səsvermə nəticəsində astronomlar 11 yaşlı məktəblinin təklifi əsasında planeti yeraltı səltənətin və ölümün himayədarı olan qədim Roma tanrısı Plutonun adı ilə adlandırmağa qərar vermişdilər.

Neptun

Neptun hələ 19-cu əsrdə (1846-cı il) Con Adams və Urben Leverye tərəfindən aparılmış riyazi hesablamalar nəticəsində tapılmışdır. Yeni planetin adı astronomlar arasında müzakirələrin yaranmasına səbəb oldu: onların hər biri planeti öz soyadları ilə adlandırmaq istəyirdi. Mübahisəyə son qoymaq üçün qədim Roma mifologiyasından dəniz allahının adına qərar verildi.

Uran

Planetin bir neçə adı mövcud idi. 1781-ci ildə kəşf olunan planeti elə kəşf edən alimin adı ilə U.Gerşel adlandırmaq istəyirdilər. Alimin özü isə planetə britaniyalı monarx III Georqun adını vermək istəyirdi. Amma astronomlar ənənəni davam etdirmək və kosmik obyektə qədim tanrılardan birinin adın verməyi qərara aldılar. Beləliklə, planet qədim yunan səma allahı Uranın adı ilə adlandırıldı.

Saturn

Nəhəng planetin mövcudluğu hələ xristian epoxasına qədər məlum idi. Romalılar planeti əkinçilik allahının şərəfinə Saturn adlandırmışdırlar.

Yupiter

Günəş sisteminin ən nəhəng planeti qədim Roma baş allahı Yupiterin adını daşıyır. Saturn kimi Yupiterin də mövcudluğu çoxdan məlum idi, çünki bu cür nəhəngi görməmək mümkün deyil.

Mars

Planetin səthinin qırmızı rəngdə olması onun qan qan, qırğın kimi anlayışlarla assosiasiya olunmasına gətirib çıxarmışdı ki, bu da qədim romalılar tərəfindən ona müharibə allahının adının verilməsinə səbəb olmuşdur.

Venera

Səmadakı ən parlaq planetə qədim romalılar gözəllik və sevgi ilahəsi Veneranın adını vermişdilər.

Merkuri

Ən sürətli planetin kəşf olunduğu dövrdən (e.ə 14-cü əsr) bəri ona müxtəlif adlar verilmişdir. Günəşə ən yaxın planet əvvəllər Ninuri adlanırdı. Qədim yunanlar onu Stiblon, Apollon və Germaon deyə adlandırırdılar. Ticarət allahı Merkurinin adını isə planet qədim romalılardan almışdır.

Yer

Doğma plaetimizin adının necə yarandığı barəsində demək olar ki, heç bir məlumat yoxdur. Onun adının mifologiya ilə heç bir əlaqəsi yoxdur. Planetin müasir adına ilk dəfə 1400-cü ildə rast gəlinir. O, torpaq mənasına gələn anqlo-sakson termini Earth ilə bağlıdır. Amma kim Yerə “Yer” adını vermişdir, məlum deyil.

Mənbə: onedio

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et