Bu gün:

“Bu isə daha çox çəki almağa, piylənməyə səbəb olur”


24Media.az-ın növbəti müsahibi qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovadır. O, yaz-yay mövsümlərində düzgün qidalanmadan danışıb.


Fəsillərin müxtəlifliyi geyimimizə, həyat şəraitimizə təsir etdiyi kimi qəbul etdiyimiz qidalara da təsir göstərir. Soyuq havalarda qəbul edilən bəzi qidalar havalar istiləşdikcə insanlarda narahatlıq hissi yaradır. Qarşıdan gələn isti aylarda hansı qidaları qəbul etməliyik ki, orqanizmimizə mənfi təsir göstərməsin?



Yaz-yay mövsümlərində məsləhətli olan qidalar hansılardır?


Yaz fəsli yaxınlaşdıqca bir çox insanlarda, xüsusən də, immun sistemi zəif olanlarda mövsümü qriplərə yoluxma halları, eyni zamanda, soyuqdəymə, orqanizmdə yorğunluq, narahatlıq halları baş verir. Bu kimi halların baş verməməsi üçün ilk növbədə, qidalanmağa diqqət yetirməliyik. Qidalanmada, əsasən, immun sistemini güclandirən vitamin və mineral dəyəri çox olan qidalara yer vermək lazımdır.  Eyni zamanda, günün uzanması səbəbi ilə bəzən insanlarda qidada rejimsizlik, qidanı daha gec saatlarda qəbul etmək halları baş verir ki, bu da insanlarda qəbul etdikləri qidanı enerjiyə çevirmədikləri üçün daha çox çəki almağa, piylənməyə səbəb olur. Mütləq 20-25 yaşa qədər insanlara məsləhətdir ki, gün ərzində iki əsas yemək olan səhər və axşam yeməkləri, günorta isə ara öyün dediyimiz daha tez və enerji verən qidalardan istifadə etsinlər. 


Sözügedən mövsümdə qəbul edilən meyvə-tərəvəzləri necə qəbul etmək olar?


Tərəvəzlərə hər yemək qəbulunda yer vermək lazımdır. Meyvələri isə ara yemək vaxtı, günün birinci yarısında qəbul etmək orqanizm üçün faydalı hesab olunur. Mövsümü və yerli tərəvəz-meyvələrdən istifadə etmək lazımdır. Mövsümü və yerli meyvə-tərəvəzlər insan orqanizmi tərəfindən daha tez həzm olunur. Tərkibindəki vitamin və minerallar orqanizm tərəfindən daha tez sovrulur.


Bəs bu fəsillərdə daha çox yeyilən göyərtilərin faydaları nələrdir?


Göyərtilərə də üstünlüyün verilməsi insan üçün müsbət haldır. Onlar daha çox lifli, mineral vitaminlərlə zəngin olan qidalardır. Bu da həm bağırsaq hərəktliyini təmin etməkdə, həm də immun sisteminin güclənməsində orqanizm üçün çox faydalıdır.


Ətli xörəklərin qəbulu hansı miqdarda olunmalıdır?


Ətli yeməklərə gəldikdə isə həftədə iki dəfə qırmızı ət, iki dəfə quş ətləri, yəni toyuq və yaxud hinduşqa əti qəbul edilə bilər. İki, üç dəfə isə balıq qəbul etmələri tövsiyə olunur. Xüsusilə də, yaz mövsümündə maddələr mübadələsinin sürəti aşağı olan insanlar bir yemək qəbulunda bir neçə heyvan ətindən istifadə etməməsi lazımdır. Belə olduğu halda həmin qida qəbulundan sonra mədədə şişkinlik, ağırlıq, köp halları baş verir. Bu da həzmin ağırlaşmasına gətirib çıxarır. Bu zaman keyfiyyətli məhsul olsa belə, düzgün həzm olunmadığı üçün orqanizmə zərər verə bilər.


İsti havalarda iştah açan vitaminli qidalar hansılardır?


İştahsızlıqdan əziyyət çəkən insanlar var ki, həmin şəxslərə daha çox yemək qəbulu zamanı C vitamin tərkibli bibər, daha çox şirin bibər tövsiyə olunur. Bu orqanizmin C vitamininə qarşı olan tələbatını ödəyir. Strus meyvələrə allergiyası olan insanlar C vitamini tələbatını şirin bibərlə təmin edə bilərlər. İştahı açmaq üçün qidaların yanında zoğal, albalı əzməsi istifadə edilə bilər. Ətli yeməklərin üzərinə limon sıxmaq da iştahın açılmasına kömək edir. Həmçinin qidanın həzm edilməsinə də yardım edir. 


İsti havalarda maye qəbulu hansı formada olmalıdır?


Su qəbulunun da istifadəsinə diqqət yetirmək lazımdır. Orqanizmin maye balansı düzgün təmin olunmadığı üçün insanlarda yemək yeyərkən susuzluq yaranır. Yeməklə birlikdə qəbul edilən su qidanın düzgün həzm olunmamasına, həzm olmadan bağırsaqlara keçməsinə, mədədə xoşagəlməz narahatlığa səbəb olur. Ona görə də gün ərzində yeddi-səkkiz stəkan su qəbul etmək lazımdır. Bu suyu adətən səhər ac qarına bir stəkan içmək lazımdır. 


Enerji verən mayelər isə təbii bitki çayları, nanə dəmlənməsi kimi içkilərdir. Mütəmadi olaraq orqanizmi həm enerjili tutmaq, həm də gümrah etmək, immun sistemini gücləndirmək üçün suya nanə, limon, bal əlavə edərək qarışım şəklində sərin halda istifadə edilə bilər. Mümkün qədər qazlı, şirəli, şəkərli içkilərdən uzaq durmaq tövsiyə edilir. Onların insan orqanizminə faydası olmadığı kimi, zərəri də həddən artıq çoxdur.


Belə havalarda artıq çəkidən qurtulmaq üçün hansı qidalara üstünlük verilməlidir?


Artıq çəkidən qurtulmaq üçün rejimli qida mütləqdir. Bu hər insanın yaş, fiziki aktivlik, yaş, cinsinə görə qərarlaşdırılmalıdır. Məsələn, çörək qəbul edilirsə, günün birinci yarısı, bir, iki dilim şəklində qəbul edilməlidir. Axşam yeməklərində isə daha çox həzm olunan qidalara üstünlük verilməlidir. Yağlı qızartma, həddindən çox kalorili qidalar, ağır, qarışıq, unlu qidalar, şirniyyatlardan uzaq durmaq lazımdır. Əgər qəbul edilərsə, bu günün birinci yarısına təsadüf edilməlidir. Bu zaman həmin qidalar daha tez həzm olunur. Gün ərzində enerji verməyə xidmət edir. Əks halda, axşam vaxtı və ya günün ikinci yarısında qəbul edilən qidalar enerjiyə çevirilmədiyi üçün orqanizmdə piylənməyə gətirib çıxarır. 


Bu fəsillərdə hava şəraiti ilə bağlı orqanizmə zərərli olan qidalar varmı?


Sözügedən qidalar həzmi çətinləşdirənlərdir. Eyni zamanda, mənşəyi bəlli olmayan fast foodlar, paketlənmiş hazır suplar, tez hazır edilən yarımfabrikat qidalar orqanizm üçün hər zaman risk mənbəyidir. Bir çox hallarda restoran və kafelərdə qəbul edəcəyimiz hazır yeməklərin yanında təqdim edilən sous varsa, bunların mənşəyi naməlumdursa, istifadəsi tövsiyə edilmir. Əksər hallarda, həmin souslarda kimyəvi qatqı maddələri olan dadlandırıcılardan, yüksək şəkərdən istifadə olunur ki, bu insan orqanizmində müəyyən fəsadların yaranmasına gətirib çıxarır.


Çinarə Muradova

Paylaş
Şərh əlavə et