Niyə göy mavidir?
2-05-2024, 10:19
Günəş işığı ağdır, lakin bir çox müxtəlif rəngləri ehtiva edir. Ağ işığı prizmadan keçirdikdə və ya göy qurşağı əmələ gələndə bu müxtəlif rəngləri görə bilərik. Günəşdən gələn ağ işıq Yer atmosferindən keçərkən çoxlu hissəciklərlə toqquşaraq səpələnir.
Səpilmə miqdarı işığın dalğa uzunluğundan asılı olaraq dəyişir. Dalğa uzunluğu qısaldıqca səpilmə miqdarı artır. Məsələn, qısa dalğa uzunluğuna malik mavi işıq uzun dalğalı qırmızı işıqdan daha çox səpələnir. Rayleigh Scattering termini işığın dalğa uzunluğundan kiçik hissəciklər tərəfindən səpilməsini ifadə etmək üçün istifadə olunur. Bu səpilmənin miqdarı işığın dalğa uzunluğunun dördüncü qüvvəsi ilə tərs mütənasibdir, yəni dalğa uzunluğu qısaldıqca səpələnmiş işığın miqdarı da artır.
Göyün mavi görünüşü Günəşdən gələn müxtəlif rəngli (dalğa uzunluqlu) işığın müxtəlif sürətlə səpələnməsinin nəticəsidir. Günəş səmaya qalxdıqda, Günəşdən gələn qısa dalğa uzunluqlu mavi işıq, daha uzun dalğa uzunluqlu rənglərdən daha çox səpilir və bütün istiqamətlərə səpələnir və səmanın mavi görünməsinə səbəb olur. Günəş üfüqə çox yaxın olduqda, məsələn, günəşin doğuşunda və qürubunda fərqli bir vəziyyət yaranır. Günəş üfüqə yaxınlaşdıqda, günəş şüaları atmosferdən daha çox yayılır. Bu yolda qısa dalğalı mavi işıq çoxlu udma və səpilmələrə məruz qalır və nəticədə daha uzun dalğalı qırmızı digər rənglərə nisbətən daha çox miqdarda gözümüzə çatır.
Göy qurşağına baxılan zaman qırmızıdan yaşıla, maviyə və nəhayət bənövşəyə qədər çoxlu rənglər görürük. Bənövşəyi işıq ən qısa dalğa uzunluğuna malikdir və səpilmə miqdarı digər rənglərdən qat-qat çoxdur. Buna görə də səmanın adətən bənövşəyi görünməsi gözlənilirdi. Səmanın bənövşəyi deyil, mavi görünməsinin əsas səbəblərindən biri də gözümüzdəki işıq reseptorlarının digər rənglərə nisbətən maviyə daha həssas olmasıdır.
Mənbə: TÜBİTAK Bilim Genç
Tərcümə etdi: Aminə Paşazadə