Bu gün:

Dağlara və qayalara oyulmuş 10 möhtəşəm abidə


İnsanlar keçmişdən bu günə sığınmaq üçün müxtəlif yollar axtarıblar. Həm kollardan, həm ağac budaqlarından tikilmiş sığınacaqlar, həm də əzəməti ilə heyran qalan qalalar. Təbii ki, texnologiya və mühəndislik o qədər də inkişaf etmədiyi halda, insanlar qayaları oyaraq dağlarda sığınacaq, ibadət, qəbir kimi bir çox tikililər inşa edirdilər.


1. Petra, İordaniya

Petra İordaniyanın cənubunda yerləşir. Qayalara oyulmuş ən məşhur qədim şəhərlərdən biridir. Bu qədim şəhər vaxtilə Nəbati Krallığının paytaxtı olub. Ərəbistan, Misir və Suriya arasında yerləşdiyi üçün o dövrdə xüsusilə buxur ticarəti üçün aparıcı yerlərdən biri idi. Eramızın 1-ci əsrində təxminən 20.000 insanın yaşadığı güman edilən qədim Petra şəhərində kilsələr, məbədlər, su anbarları və amfiteatr var.

YUNESKO-nun Ümumdünya İrsi Saytı olan Petra həm də İndiana Cons: Son Macəra filminin evi idi.

2. Predjama qalası, Sloveniya

Sloveniyadakı Predjama qalası 800 il əvvəl uçurumun ortasında tikilib. Mühasirələrə tab gətirmək üçün nəzərdə tutulmuş qala həm də dünyanın ən böyük mağara qalasıdır. Uçurumun ortasında düşmənlərin çata bilməməsi üçün tikilmiş Predjama qalasında onlarla gizli keçid var.

3. Ellora, Hindistan

Ellora, eramızdan əvvəl 600-1000-ci illər arasında tikilmişdir. Tam 34 monastır və 1 məbədin olduğu bu mağaralar olduqca möhtəşəmdir. Hinduizm, Buddizm və Caynizmə həsr olunmuş monastırlar Hindistanda müxtəlif dinlərə mənsub insanların dinc yanaşı yaşamasının simvoludur.

YUNESKO-nun Dünya İrs Siyahısında yer alan Ellora Mağaraları Hindistanın mənəvi, sosial və mədəni tarixinə işıq salmaq baxımından da böyük əhəmiyyətə malikdir.

4. Likya məzarları, Türkiyə

Likya məbədləri IV əsrdə tikilmişdir. Rəvayətlərə görə, likiyalılar qanadlı və sehrli varlıqların ölüləri axirətə daşıdığına inanırdılar. Ona görə də bu türbələri mümkün qədər hündürlükdə tikdilər.

Məbədin görkəmi kifayət qədər estetik və möhtəşəm olsa da, meyitlərin saxlanması üçün qayalara oyulmuş otaqlar nisbətən sadə və kiçik tərzdə işlənib.

5. Ajanta mağaraları, Hindistan

Ajanta Mağaraları, e.ə. 2-ci əsrdən eramızdan əvvəl 650-ci illər arasında tikilmişdir. 30 Buddist mağara abidəsindən ibarət olan strukturun içərisində Buddanın həyatını təsvir edən rəsm və heykəllər var. Onu qədim hind və buddist sənətinin ən gözəl və möhtəşəm nümunələrindən biri kimi göstərmək olar.

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Ajanta Mağaraları yaxın vaxtlara qədər tacirlər və rahiblər tərəfindən dincəlmək üçün istifadə olunurdu.

6. Longmen Mağaraları, Çin

Çində Loğmen mağaralarının tikintisi İmperator Xiaovenin (471-499-cu il) dövründə başlanmış və təxminən 400 il çəkmişdir. Longmen Mağaraları bir kilometr uzunluğundadır və 1300-dən çox mağara, 97.000 Budda heykəli və bu heykəllərin olduğu 2345 otaqdan ibarətdir.

2000-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Longmen Mağaraları Çinin daş və heykəltəraşlıq sənətinin ən yaxşı nümunələrindən biridir.

7. Lalibela kilsələri, Efiopiya


Efiopiyanın Amhara bölgəsində Kral Gebre Meskel Lalibela (1181-1221) tərəfindən inşa edilən Lalibela kilsələri elə tikilmişdir ki, bunlardan 4-ü qayaya oyulmuş, 7-si isə düz zəmində tikilmişdir. Ortodoks xristianlar üçün çox qiymətli bir yer olan Lalibela kilsələri bu gün dini bayramlar və dualar üçün ziyarət edilə bilər.

8. Cliff Palace, ABŞ

ABŞ-ın Kolorado ştatında yerləşən Cliff Palace 13-cü əsrdə tikilib. 1888-ci ildə Richard Wetherill və Charlie Mason tərəfindən kəşf edilən bu bina bərpa işlərindən sonra ictimaiyyətin istifadəsinə verilib.

9. Sassi Di Matera, İtaliya

İtaliyanın cənubunda yerləşən Matera təxminən 9000 il əvvəl tikilib. Tarix boyu daim işğal altında olmasına baxmayaraq, sonrakı nəsillər qayaların içinə evlər, kilsələr və məbədlər tikməyə davam etdilər.

1993-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

10. Kropfenşteyn qalası, İsveçrə

Kropfenşteyn qəsrinin tikilmə ili və səbəbi hələ də məlum deyil. Lakin tədqiqatçılar bu qaladan 13-15-ci əsrlər arasında istifadə edildiyini düşünürlər. Qalaya çatmaq üçün qalanın şərq tərəfindən qayaya oyulmuş cığırdan istifadə edilir.

Mənbə: Onedio.com

Tərcümə: Amin Həsənli

Paylaş
Şərh əlavə et