
Biz adətən 2-3 yaşdan əvvəlki xatirələrimizi xatırlaya bilmirik. Məsələn, ilk ad günü və ya ilk sözlərimizi. Bu vəziyyətin səbəbi ilə bağlı fikirlərdən biri də körpələrin beynində yaddaşın formalaşmasına cavabdeh olan bölgələrin inkişafını tamamlamamasıdır. Ancaq körpələr doğulduğu andan bəzi üzləri və səsləri, məsələn, anasının üzünü tanımağa başlayır. Bir neçə aydan sonra tez-tez gördükləri insanları xatırlaya və tanıya bilərlər.
İnsanların 2-3 yaşından əvvəl xatirələrini xatırlaya bilməməsi halına elmi olaraq “uşaqlıq amneziyası” və ya “uşaqlıq unutqanlığı” deyilir. Körpəlikdə yaşadığımız və ümumiyyətlə “epizodik yaddaş” adlandırılan hadisələrin xatirələrini xatırlaya bilmirik. Bununla belə, araşdırmalar göstərir ki, bəzi xatirə növləri körpəlik dövrünün ilk dövrlərindən formalaşmağa başlayır.
Məsələn, 1987-ci ildə 2-6 aylıq körpələrlə aparılan elmi araşdırmada körpələr üstündə oyuncaq asılmış beşiyə qoyulub. Körpələrin ayaqlarına bağlanan kəndirin digər ucu oyuncağa bağlanıb. Beləcə körpələr təpik atdıqları zaman oyuncağın hərəkət etdiyini öyrəniblər. Daha sonra tədqiqatçılar körpələrin öyrəndikləri əlaqəni nə qədər xatırlaya biləcəyini sınaqdan keçiriblər. Nəticədə, 2 aylıq körpələrin 1-2 gündən sonra bu əlaqəni xatırlaya bildiyi anlaşılıb. Daha böyük körpələrin öyrəndikləri məlumatları daha uzun müddət yaddaşlarında saxlaya bildikləri müəyyən edilib. Bu məlumat onu göstərir ki, prosedur yaddaş adlanan yaddaş növü körpələrdə çox erkən dövrlərdən formalaşmağa başlayır.
Körpəlikdə öyrəndiyimiz məlumatları, yaşadığımız hadisələri, yaşadığımız yerləri və tanış olduğumuz insanları (avtobioqrafik yaddaş adlanır) yadda saxlaya bilməməyimizin neyrobioloji əsasları tam aydınlaşdırılmamışdır. Ancaq keçmişdə yaşadığımız hadisələri xatırlamağa imkan verən avtobioqrafik yaddaşın formalaşmasında mühüm rol oynayan beynin hipokampus bölgəsinin körpəlikdə hələ də inkişafını tamamlamaması bir fakt kimi qəbul edilir. Bundan əlavə, avtobioqrafik yaddaşın formalaşmasında özünü dərketmə mühüm rol oynayır. Körpələr, təxminən, iki yaşında öz mənliklərini dərk etməyə başlayırlar.
Nəticələri bu yaxınlarda Science jurnalında dərc edilən bir araşdırmada, siçanlar üzərində aparılan təcrübələr, körpəlikdə olan xatirələrin uzunmüddətli yaddaşda saxlanmasında deyil, yetkinlik dövründə bu məlumatların əldə edilməsində problem ola biləcəyini ortaya qoyub.
Lüğət:
Prosedur yaddaşı: Təkrarla öyrənilən müxtəlif hərəkətlərin və motor bacarıqlarının necə yerinə yetirildiyi barədə məlumatın saxlanıldığı uzunmüddətli yaddaş növüdür.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
