Bu gün:

"Azərbaycanda 20 manata sinxron dublyaj yazdırırlar"-Elman Rəfiyev


24media.az-ın budəfəki müsahibi Azərbaycan Dövlət Pantomim Teatrının direktoru, əməkdar artist, aktyor Elman Rəfiyevdir. O, Azərbaycanda dublyaj sahəsinin keyfiyyəti və dublyajın hazırkı səviyyəsi ilə bağlı suallarımızı cavablandırıb.

Hazırda Azərbaycanda dublyaj sahəsinin keyfiyyətini necə qiymətləndirirsiniz? 

“Azərbaycanda bu sahəyə qiymət verilmir və buna görə də dublyaj mənim yaralı yerimdir”.

Nəyə görə Azərbaycanda bu sahəyə qiymət verilmədiyini düşünürsünüz?

“Dublyaj sevdiyim peşədir, amma verilən məbləğlə razılaşmıram. Televiziya kanallarının verdiyi məbləğə və aktyora verilən qiymətə görə bu peşədən bir müddətlik uzaqlaşmışdım. Əfsuslar olsun ki, bəzi aktyor yoldaşlarım həmin vaxt məni dəstəkləmədilər. Əgər dəstəkləsəydilər, yaxşı olacaqdı. Hamı ucuza işləməyə razı oldu. Amma məlum məsələdir ki, ucuz ətin də şorbası olmur”.

Bu sahədə başınıza gəlmiş hansı hadisələr sizi bu qənaətə gətirib?

“Ümumiyyətlə, onu deyim ki, əgər mən bir işi boynuma götürmüşəmsə, bunu maksimum səviyyədə yaxşı etməyə çalışıram. Lakin elə kanallar var ki, işimi nə qədər ürəklə etsəm də, əməyimin qarşılığında mənə 25 manat pul verirlər. Bunun bariz nümunəsi elə “Qara Cəngavər” filmindəki işimdir. 

Ən bahalı dublyaj sinxron dublyajdır. Siz təsəvvür edin ki, Azərbaycanda sinxron dublyaja 20 manat pul verirlər. Bunun da ən yaxşı nümunəsi “Pinokyo” filmindəki işimdir. Orada 12 müxtəlif obrazı səsləndirdim, amma nəticə olaraq nə qədər pul aldım? 20 manat”.

Bu sahəyə qiymət verilməməsi təkcə maliyyə ilə bağlıdır?

“Azərbaycanda dublyaj sahəsində çatışmaz cəhətlərdən birincisi aktyora kifayət qədər maddiyyatın ayrılmamasıdır. Aktyor düşünməməlidir ki, bunu tez-bazar səsləndirim ki, növbəti filmə keçim. Belə olan halda keyfiyyət aşağı düşür.

Bundan əlavə, texnika məsələsi var. Bizdə dublyaj vaxtı səsimizi özümüz dəyişiriksə, xarici ölkələrdə xüsusi mikrofonlarla səs dəyişir və yaxud da montaj vaxtı dəyişirlər. Yəni əsas məsələlərdən biri də texnikanın gücündədir.

Əvvəllər biz dublyaj edəndə səsi lentə yazırdıq. Çaşanda lenti geriyə qaytarıb bir sözü yenidən deməli idik. İndi şükürlər olsun ki, kompüter sisteminə keçmişik və çaşanda həmin sözü deyirsən, montaj zamanı əlavə edirlər. Amma kompüterlər də, montaj proqramları da o qədər güclü deyil. Çünki yaxşı montaj proqramı üçün kifayət qədər məbləğ ödəmək lazımdır ki, onu ala biləsən.  

Üçüncü olaraq, məkan önəmlidir. Çünki məkandakı akustika çox vacibdir. Bəzən hansısa dublyajı dinləyəndə dinləyici sanki dublyajdan otaq səsi eşidir. Bu, məkanın yaxşı olmamasından irəli gəlir.

Gördüyünüz kimi, bir baxımdan digər amillər da maliyyəyə bağlanır”.

Əgər bir şəxs istedadlı və peşəkar dublyaj aktyorudursa, onun nə dərəcə xüsusi avadanlığa ehtiyacı var?

“Məndən misal gətirsək, bayaq da dediyim kimi, bir filmdə 12 fərqli səsi çıxarmağı bacarmışam. Lakin bəzi aktyorlar var ki, onların səsi nə qədər dublyaja uyğun olsa da, bəzi məqamlarda müəyyən hissələri dəyişmək lazım gəlir. Xüsusi avadanlıq bu baxımdan vacibdir”.

Xüsusi avadanlığın yaradılması üçün hansı həll yollarını təklif edirsiniz?

“Laboratoriya olmadan güclü dublyaj aktyoru ola bilməz. Buna görə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dublyaj laboratoriyası yaradılmalıdır”.

Laboratoriya yaradılsa, tələbələri bu sahəyə hazırlayacaq kifayət qədər kadr varmı?

“Bəli, mən və mənim kimi bir çox peşəkar dublyaj aktyorları var. Mən düşünürəm ki, elə Eldəniz Rəsulov kafedra müdiri olmalıdır, çünki o bu işi mükəmməl bilir. Xalq artisti Sabir Məmmədov, Kazım Abdullayev kimi səsi gözəl olan, bu işi bacaran bir çox insanlar var”.

Dublyajın keyfiyyətli alınması üçün aktyorlarla yanaşı, kimlərin rolu var?

“Əsas hər şeyi təyin edən rejissordur. Həmçinin gözəl tərcüməçilər lazımdır. Çünki biz dublyaj edərkən biabırçı tərcümələrdən çox əziyyət çəkirik. Və bu yazıları anlaşıqlı hala salacaq yaxşı redaktor lazımdır”.

Dublyaj aktyorunun iş prosesini necə təsvir edərdiniz?

“Qulağında qulaqcıq, əlində məqalə. Sən bir gözünlə ssenariyə baxmalı, səsə qulaq asmalı və ekrana baxmalısan. Üç amili də bir arada görməlisən. Arxada da ingiliscə səs və ekrana tez-tez baxmalısan ki, danışanda sözlərlə obrazın dodaq hərəkətləri üst-üstə düşsün. Bu çox çətin prosesdir.

Hətta mən dublyajı etdiyim anda həm sadaladığım proseslərə diqqət edir, bununla yanaşı, sosial şəbəkədə canlı yayım açıb yazılanlara da reaksiya verirəm. Bu baxımdan obraza can vermək, dublyaj aktyoru olmaq çox maraqlı və keşməkeşli işdir”.

Dublyaj aktyorları bir personaja hazırlanana qədər hansı mərhələlərdən keçirlər?

“Peşəkar dublyaj aktyorları heç bir mərhələdən keçmirlər. Məsələn, məndən bir personajı səsləndirməyimi istədiklərində obrazın mənə göstərilməsini istəyirəm. Çünki obrazın bədən dili, plastikasına, onun arıq və kök olmasına baxmalı, ona uyğun səsimi tənzimləməliyəm. Yeni başlayan dublyaj aktyorları isə professional aktyorların dublyaj proseslərini izləyirlər ki, onlarda gördüyünü təqlidetmə bacarığı formalaşsın. Özümü müəllim adlandırmazdım, amma dəfələrlə olub ki, bəzi dublyaj aktyorlarına müəllimlik etmişəm. Yanlarında oturub başa salmışam ki, burada belə səsləndirsən, daha yaxşı olar”.

Elə olubmu ki, səs tembrini bəyəndiyiniz insanları hər hansı dublyaj üçün uyğun görmüsünüz və ya önə çəkmisiniz ?

“Hər kanalda eyni şəxsin deyil də, fərqli-fərqli insanların da səsləri eşidilsin istəyirəm. Bizim ilk “Ördəklərin macəraları” cizgi filmimizdə (1995-1996-cı illərdə) kaseti dublyaj şöbəsinin müdirinə aparanda komandamı onun yanına gətirməyimi istəmişdi. İstərdim ki, Azərbaycan dublyajı üçün buna addım atsınlar, fərqlilik olsun.

Türkiyə, Rusiya kimi ölkələrdə belədir. Bir obrazı bir nəfər səsləndirir və onsuz da elə olmalıdır. Professional olmaq istəyiriksə, məşhur aktyorların səsi bir olmalı və bütün televiziyalarda eyni qalmalıdır”.

Bəs, sizcə, dublyaj aktyorları filmlərin növündən asılı olaraq ixtisaslaşmalıdırlarmı?

“Xeyr, mən belə deməzdim. Aktyorun imkanı varsa, həm cizgi, həm də başqa filmlərdə niyə də səsləndirmə etməsin ki? Bir xətlə gedən aktyora ştamp deyirlər. Əgər aktyor səsdən səsə, roldan rola girə bilirsə, bu, dublyajda daha dəyərli sayılır. Bir ara məni ancaq əyləncəli formatlara çağırırdılar və doğrusu, bu, bir qədər pis təsir edirdi”.

Son olaraq bu sahə ilə bağlı təkliflərinizi necə ümumiləşdirərsiniz?

“Arzu edirəm ki, Azərbaycanda dublyaja düzgün qiymət verilsin. Bayaq sadaladıqlarım: tərcüməçilər, redaktorlar, rejissorlar və texnika gücləndirilsin. Həm də yaxşı olar ki, laboratoriya yaradılsın. Çox maraqlı olacaq. Mən sizə əminliklə deyirəm ki, əgər laboratoriya yaradılsa, bir çox insanlar maraqla ora müraciət edəcəklər.  Ondan sonra dublyaj aktyorları daha çox yetişəcək və artacaqlar. Hazırda dublyaj aktyorları sırasında orta və gənc nəsil var. Maraq da var. Heç olmasa bu marağa görə dublyaj aktyorunu da maraqlandıran bir addım atılmalıdır. Çünki Azərbaycanda yaşayırıqsa, filmlər və cizgi filmlər Azərbaycan dilində səsləndirilməlidir”.

Hazırladı:

Məryəm Abdullazadə 

Amin Həsənli 

Ruhi Balakişiyev 

Aydan Qasımova 

Namiq Atamalıyev 




Paylaş
Şərh əlavə et