Bu gün:

Musiqi riyaziyyat nailiyyətlərinə necə təsir edir?


Məşhur bəstəkar Baxın ən böyük hobbilərindən birinin riyaziyyat olduğunu və ya riyaziyyatda öz adını daşıyan teoremiylə məşhur olan riyaziyyatçı Pifaqorun musiqidə oktavanı kəşf edən olduğunu bilirdinizmi? Bəs, sizcə, musiqi ilə riyaziyyat uğuru arasında necə əlaqə var?

Riyaziyyat elmin, musiqi isə incəsənətin görkəmli qolu kimi qədim zamanlardan həyatımızda olub. Əvvəllər riyaziyyatdan yalnız cisimlərin və ya canlıların, məsələn, sürüdəki heyvanların sayını müəyyən etmək üçün, musiqi isə dini mərasimlərdə istifadə olunurdu. Ancaq bu gün hər iki filial çox fərqli sahələrdə istifadə oluna biləcək qədər inkişaf etmiş və zənginləşmişdir. Qədim yunanlar musiqini arifmetika və həndəsə kimi riyaziyyatın bir alt sahəsi kimi düşünürdülər. Əsrlər əvvəl bu fikir musiqi ilə riyaziyyatın eyni dərəcədə qiymətləndirildiyini göstərir. 

Pifaqor müşahidə etdi ki, simi iki bərabər hissəyə bölməklə eyni səsin daha aşağı hündürlüyü əldə edilir. Pifaqordan tutmuş günümüzə qədər bir çox elm adamları riyaziyyatla musiqi arasında əlaqə olduğunu düşünərək bu mövzunu bir çox aspektlərdən araşdırmışlar. Məsələn, 1993-cü ildə Kaliforniya Universitetindən Frances H. Rauscher və onun həmkarları tərəfindən aparılan araşdırma nəticəsində Motsart bəstələrini dinləyən insanların intellekt səviyyələrinin yüksəldiyi müəyyən edilmişdir. Bu əsər medianın gücü ilə “Motsart effekti” adlandırılıb. Müxtəlif tədqiqatçılar Motsart effektini tədqiq etsələr də, Motsart bəstələrini dinləyən insanların intellekt səviyyələrinin yüksəlməsi ilə razılaşmırlar.

Məsələ hələ də mübahisəlidir, lakin məlumdur ki, riyaziyyat təhsili musiqi ilə birləşərək daha qalıcı olur və öyrənməni əyləncəli edir. Araşdırmalar göstərir ki, musiqi akademik nailiyyətləri və diqqəti artırır. Alimlər öz tədqiqatlarında, əsasən, musiqinin riyaziyyatın dörd komponentinə təsirinə diqqət yetirirlər: problem həll etmə, məntiqi düşünmə, hesablama bacarıqları və məkan bacarıqları (məsələn, obyekti təxəyyüllə fırlanma, vizuallaşdırma və məkan qavrayışı).

Bu yaxınlarda Belek Universitetindən Dr. Ayça Akın riyaziyyat-musiqi əlaqəsini araşdıran 55 araşdırmanın nəticələrini təhlil edib. 1975-2022-ci illər arasında aparılan tədqiqatlar uşaq bağçasından tutmuş universitetə qədər müxtəlif yaş qruplarından təxminən 78 min şagirdin iştirakı ilə həyata keçirilib. Tədqiqatlar üç növ musiqi tədrisi metodlarının riyaziyyat nailiyyətlərinə təsirini araşdırıb: standart musiqi dərsləri, instrumental musiqi dərsləri və musiqi-riyaziyyatın birləşmiş dərsləri. Standart musiqi dərsləri insanların oxuduğu və musiqi dinlədiyi dərslər idi. Instrumental musiqi dərsləri qrup şəklində alətlərdə ifa etməyi öyrənmək dərslərindən ibarət idi. Musiqi-riyaziyyat birləşmiş kurslar musiqinin riyaziyyat dərslərinə inteqrasiya olunduğu kurslar idi. İştirakçılara dərsdən əvvəl və dərsdən sonra riyaziyyat testləri verilib və onların ballarındakı dəyişiklik heç vaxt musiqi dərsi almayanlarla müqayisə edilib. 50 ilə yaxın müddətdə aparılan tədqiqatlar göstərib ki, riyaziyyatda nailiyyətlərə ən çox müsbət təsir birləşmiş musiqi-riyaziyyat kurslarıdır. İnstrumental musiqi dərslərindən istifadə edilən tədqiqatlar orta səviyyədə riyaziyyat nailiyyətlərinə müsbət təsir göstərib, standart musiqi dərslərindən istifadə edilən tədqiqatlar isə orta və aşağı səviyyədə riyaziyyat nailiyyətlərinə müsbət təsir göstərib.

Dr. Ayça Akın qeyd etdiyi kimi, riyaziyyat və musiqi müəllimlərinin dərslərinin birlikdə planldırılmağa sövq edilməsinin şagirdlərin narahatlığını azaltmağa və şagirdlərin bu dərslərdəki uğurlarını artırmağa kömək edə biləcəyi düşünülür.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et