Bu gün:

“Dron jurnalistikası məlumat mənbəyi kimi görüntülər əldə edir”


24media.az-ın növbəti müsahibi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının baş müəllimi Əli Hacıyevdir. O, dron jurnalistikası haqda danışıb.

-Dron jurnalistikasının üstün və mənfi cəhətləri nələrdir?

Müasir dövrdə internetin və digər texnologiyaların sürətli inkişafı
mediaya da təsirsiz ötüşməyib. Bu isə öz növbəsində bir sıra yeni anlayışların yaranması və tətbiqi ilə nəticələnib.
Yeni istiqamətlərdən biri də ilk dövrlər hərbi sahədə istifadə olunan dronların bu gün mediada tətbiq olunaraq “Dron jurnalistikasını” formalaşdırmasıdır. Dronların jurnalistikaya asanlıqla nüfuz etməsinin bir çox səbəbləri var. Belə ki, dron jurnalistikası məlumat mənbəyi kimi foto və video görüntülər əldə edərkən böyük üstünlüklər təqdim edən bir vasitədir: jurnalistlərin peşə borclarını yerinə yetirərkən təhlükəsizliyi, auditoriya tərəfindən informasiyanın daha yaxşı mənimsənilməsi (miqyas), bənzərsiz görüntü, maliyyə xərclərinin azalması, operativlik və s. baxımından. Dronların üstün cəhətləriylə yanaşı bu qurğuların mediada istifadəsi zamanı ortaya çıxan müəyyən problemlər də mövcuddur: hüquqi məsələlər (dronların istifadəsiylə bağlı müxtəlif ölkələrdə müxtəlif növ məhdudiyyətlər mövcuddur), etik məsələlər, tarixən hərb ilə əlaqəli olduğu üçün insanlar tərəfindən onlara münasibətin birmənalı olmaması, səmada digər yad cisimlə toqquşma ehtimalı, texniki məsələlər (çəkiliş müddətində müəyyən məhdudiyyətlər) və s. Lakin bunlara baxmayaraq, süni intellektə söykənən dron jurnalistikasının dünya mediasında daha geniş yer alacağı gözlənilir. Bu da əsasən PUA-ların informasiyanı operativ toplaması, xəbərə əlavə informasiyanın yüklənməsi, informasiyanın auditoriya üçün tez və əlçatan olması, çəkilişlərdə maliyyə vəsaitinin azalması və təhlükəsizliyi ilə izah olunur. Bu sahənin daha da inkişaf etməsi üçün drondan istifadəylə bağlı qanunların sadələşdirilməsi, dronları idarə etmək üçün dron pilotlarının hazırlanması və s kimi müəyyən tədbirlərin görülməsi zəruridir.

Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et