Bu gün:

Niyə yumurtanın uclarını sıxdığımız zaman onu qıra bilmirik?


Sınıq gərginlik altında baş verir. Yəni kifayət qədər sərt bir şey çəkdiyiniz zaman, gərginlik nəticəsində yırtılma gerçəkləşir. Məsələn, sadə bir şüa götürün, uclarından dəstəkləyin və ortasında bir şey asın.

Bu mexanizmin ortasında asılmış yükün ağırlığına görə aşağıya doğru qüvvələr, uclarındakı dayaqlar isə yuxarıya doğru qüvvələr tətbiq edir. Şüa da bu qüvvələrə reaksiya verir.

Şüanın qırılmaması üçün altdakı dartma qüvvələri ilə yuxarıdakı sıxılma qüvvələri çəki və dayaqların tətbiq etdiyi qüvvələri tarazlaşdıra bilməlidir.

Ağırlıq nə qədər çox olarsa və dayaq nöqtələri nə qədər uzaq olarsa, tələb olunan gərginlik və sıxılma qüvvələri bir o qədər çox olar. Materialın ona təsir edən qüvvələrə kifayət qədər reaksiya verməməsi zamanı qırılma baş verir.

İndi yay şəklində bir cihaz qurun. Bu mexanizmin əvvəlkindən əsas fərqi onun meylli quruluşudur.

Yay formalı cihazın ortasında asılmış yük çəkisinə görə aşağıya doğru güc tətbiq edir. Lakin yayın əyri formasına görə bu çəki bütün yay boyu daha bərabər paylanır.

Bundan əlavə, daşıyıcı dayaqlar mexanizmə təkcə şaquli istiqamətdə deyil, həm də üfüqi istiqamətdə güc tətbiq edir.

Həm ağırlığın daha bərabər paylanması, həm də dayaqların tətbiq etdiyi üfüqi qüvvələr materialın qırılmadan qalması üçün tələb olunan gərginlik və sıxma qüvvələrinin daha kiçik olmasına imkan verir. Bu, mexanizmi ona təsir edən qüvvələrə daha davamlı edir.

Yumurtanı ortadan qırmağın çox asan, uclarından qırmağın isə çox çətin olmasının səbəbi orta və ucların müxtəlif yamaclara malik olmasıdır. Yumurtanın orta hissələri daha düz, ucları isə daha əyri olur. Orta hissələr, yuxarıdakı düz şüa nümunəsində olduğu kimi onlara tətbiq olunan qüvvələrə qarşı daha həssasdır, uclar isə yuxarıdakı yay nümunəsində olduğu kimi onlara tətbiq olunan qüvvələrə daha davamlıdır. Buna görə də yumurtanın uclarına basaraq sındırmaq orta hissələrinə basaraq qırmaqdan qat-qat çox güc tələb edir. Əgər hər iki qütbdə bir yumurtanı barmaqlarınız arasında tutsanız və bacardığınız qədər sıxsanız onu sındırmaq üçün kifayət qədər güc tətbiq edə bilməniz ehtimalı çox azdır.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et