Bu gün:

Dünyanın ən soyuq yeri haradadır?


Bu günə qədər Yer kürəsində birbaşa ölçülən ən aşağı temperatur 1983-cü ildə Rusiyanın Antarktidanın şərqindəki Vostok stansiyasında -89,2°C olaraq qeydə alınıb. Bununla belə, peyklərdən əldə edilən qlobal səth temperaturu məlumatlarını təhlil edən elm adamları, Fuji və Arqus kurqanları arasındakı bölgədə Şərqi Antarktika Yaylasında temperaturun 2010-cu il avqustun 10-da -93,2°C-yə düşdüyünü müəyyən ediblər. Lakin bu temperatur dəyəri birbaşa ölçülməmişdir. 

Tədqiqatçılar NASA-nın Terra, Aqua və Landsat 8 peyklərində Antarktida səthindən yayılan istilik radiasiyasını aşkar edən sensorlardan əldə edilən məlumatlar əsasında temperatur ölçmələri aparıblar. Əvvəlcə ölçülən temperatur dəyərinin bölgənin hündürlüyü ilə əlaqəli olduğu düşünülürdü. Bununla belə, ətraflı araşdırmalar göstərdi ki, ən aşağı temperatur dəyəri Şərqi Antarktika Yaylasının ən yüksək nöqtəsində deyil, Fuji və Arqus kurqanları arasındakı bölgədə ölçülür. Buludsuz bir səmaya sahib olmaq istiliyin kosmosa yayılmasını asanlaşdırır. Bu şərtlər bir neçə gün davam etdikdə yer səthinin temperaturu daha da aşağı düşür. Bu, qar və buzla örtülmüş səthin bir qədər yuxarısındakı havanın həddindən artıq soyumasına səbəb olur. Soyuq hava təbəqəsinin sıxlığı yuxarı təbəqələrdəki nisbətən isti havaya nisbətən daha yüksəkdir. 

Tədqiqatçılar hesab edirlər ki, yer səthinə yaxın olan həddindən artıq soyuq hava təbəqəsi təpələrdən yamaclara doğru hərəkət edir, buna görə də ən aşağı temperatur dəyəri regionun yüksək hissələrində deyil, daha aşağı hündürlüklərdə ölçülür. Yer kürəsində daimi məskunlaşmış yerlər arasında ölçülən ən aşağı temperatur 1892-ci ildə Sibirin şimal-şərqindəki Verxoyansk şəhərində və 1933-cü ildə Oimekon şəhərində -67,8°C olmuşdur. Bu həm də Şimal yarımkürəsində ölçülən ən aşağı temperatur dəyəridir.

Mənbə: Bilimgenc.tubitak

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et