Bu gün:

Universitet qurucusu ilk müsəlman qadın


Dünyada qurulan ilk universitetin bir müsəlman qadın tərəfindən tikildiyini heç bilirdinizmi? Yəqin ki, yox…

İlk universitetin qurucusu olan Fatimə Əl-Fihri indiki Tunisdə Kairouan kimi tanınan Qayravanlı Məhəmməd əl-Fihri adlı varlı bir tacirin qızı olub. Onun haqqında geniş məlumatlar olmasa da, 800 – cü ildə anadan olması bizə məlumdur. Fatimənin əri, atası və qardaşının vəfatından sonra ona və bacısına böyük bir miras qalıb. Yaxşı təhsil alan bacılar var-dövlətlərini cəmiyyətin xeyrinə sərf etməyə başlayıblar.

O dövrdə Fasdaki yerli məscidlərin çoxu İslam İspaniyasından qaçqın olan müsəlmanları sayları çox olduğu üçün qəbul edə bilmədiyindən Məryəm 859-cu ildə Əndəlüs məscidini tikdirib. Fatimə isə bir çox tarixçilər tərəfindən dünyanın ən qədim universiteti hesab edilən Əl-Qəraviyyin məscidi və universitetini qurub. Edilən araşdırmalara əsasən, o tikintiyə birbaşa nəzarət edib.

Əl-Qəraviyyin universiteti dövrünün görkəmli müsəlman mütəfəkkirləri olan Əbül-Abbas və fəqih Məhəmməd əl-Fasi, İslam hüquqşünası İbn əl-Ərəbi, sosiologiyanın banisi İbn Xəldun, coğrafiyaşünas Məhəmməd əl-İdrisi kimi məşhur məzunları ilə də tanınır.

Universitetdə əvvəlcə Quran və Fiqh dərsləri verilirdi. Sonralar riyaziyyat, ərəb dilçiliyi, tibb, astronomiya, tarix, kimya və coğrafiyada tədris olunmağa başladı. Bu dərslər təkcə müsəlmanlar üçün deyildi. Burda həm də Xristian və Yəhudilərə də dərs deyilirdi. Bundan əlavə, Fatimə bütün xərcləri özü qarşıladığı üçün təhsil də pulsuz idi.

Hicri təqvimi ilə 245-ci ildə(859) Fasda əsası qoyulan və Yuneskonun Ümumdünya İrs siyahısına daxil edilən Əl-Qəraviyyin universiteti hal-hazırda fəaliyyət göstərir və Fatimə əl-Fihrinin adını günümüzə qədər daşıyır.

Mənbə: dw.com

Tərcümə etdi : Aytac Musayeva


Paylaş
Şərh əlavə et