Bu gün:

Uşaqların oxuya biləcəyi kitablar


Uşaqlar üçün saysız-hesabsız kitablar var və təəssüf ki, hər birinin məzmunu mükəmməl deyil. Əvvəlcə, aldığınız kitabın məzmununa və çertyojlarına baxıb, sonra övladınıza oxumağa verməlisiniz.

Bugünkü yazımızda uşaqların oxuya biləcəyi kitabları təqdim edirik. 

Əsərin adı: "Möcüzə" 

Müəllif: Rakel Palasio 

Səhifə sayı: 360

Yaş kateqoriyası: 12 yaşdan yuxarı

Biçer məktəbinə təzə şagird gəlir. Avqust Pullmen burada 5-ci sinifdə oxumalıdır. Əslində, hər bir uşaq özünü təzə məktəbində narahat hiss edir. Əgər Avqustun indiyədək heç vaxt əsl məktəbə getmədiyini nəzərə alsaq, deməli, onun üçün ikiqat çətin olacaq.

Əlbəttə, təzə məktəb təzə dostlar deməkdir. Amma dərd burasındadır ki, Avqustla dostluq etmək istəyən uşaqların sayı o qədər də çox deyil. Çoxu ondan qaçır. Çünki 10 yaşlı bu adi uşağın həddən artıq qeyri-adi sifəti var. Anadan qüsurlu doğulmuş oğlanın üzü qorxunc maskaya oxşayır. Avqustun bu cür sifətlə yaşamasının özü isə sadəcə tibbi möcüzədir. Fiziki qüsurunu özünə dərd edən, buna görə həyatı cəhənnəmə dönən oğlan qəddar uşaqlarla dolu məktəbdə hansı çətinliklərlə üzləşəcək? Onun məktəbdəki ilk ili necə keçəcək?

Sevgi, iztirab və gülüşlə dolu bu kitabı oxuyanlar bütün suallara orada cavab tapacaq.

Kitab uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.

Əsərin adı: "Tək və yeganə Ayvan" 

Müəllif: Katerin Əplqeyt 

Səhifə sayı: 184 

Yaş kateqoriyası: 11 yaşdan yuxarı 

Ayvan insanlarla dil tapmağı bacaran, üzüyola qorilladır. O, əyləncə mərkəzi, 8-ci giriş, videooyunlar guşəsi adlanan ünvanda yaşayır. Şüşə divarların arxasından insanların onu izləməsinə alışıb. O, cəngəllik həyatı üçün darıxmır. Əslində, heç o barədə fikirləşmir də. Əvəzində Ayvan baxdığı televiziya verilişləri və dostları – yaşlı fil Stella, sahibsiz it Bob haqqında fikirləşir. Amma Ayvan ən çox da rəsm çəkmək, manqo meyvəsini dərmək, yarpaqların xışıltısı haqqında düşünürdü. Sonra bir gün Ayvan ailəsindən ayrı düşmüş, körpə fil Rubi ilə tanış olur. Rubi onun həyata baxışını dəyişir. Rubinin gəlişi ilə bütün dəyişikliklər başlayır. İndi hər şey Ayvandan asılıdır. O, dəyişikliklərin yaxşılığa doğru olması üçün addım atmalıdır.

Əsərin adı: "Sirli bağ" 

Müəllif: Frensis Börnet 

Səhifə sayı: 308

Yaş kateqoriyası: 11 yaşdan yuxarı 

İlk dəfə 1911-ci ildə nəşr olunmuş bu hekayədə britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayan 10 yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri ona çox da diqqət yetirmirlər və nəticədə, o, kobud və dikbaş biri olur. Valideynləri yoluxucu xəstəliyə tutulub öldükdən sonra qız İngiltərəyə dayısı -Arçibald Kreyvenin yanına göndərilir. Meri qulluqçularla dost olur və malikanədəki "sirli bağı" kəşf edir. Elə ki, bağa daxil olur, o, daha dərin bir sirrin üstünü açır -dayısının şikəst oğlunu tanıyır, nəcib ünsiyyəti ilə onu həyata qaytarır. Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır. Əsər, əsasən, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş olsa da, hazırda 20-ci əsrin ən yaxşı uşaq kitablarından biri kimi qəbul olunur.

Əsərin adı: "Alisa möcüzələr ölkəsində" 

Müəllif: Luis Kerol 

Səhifə sayı: 160

Yaş kateqoriyası: 9 yaşdan yuxarı 

Çayın sahilində bacısı ilə oynayan Alisa darıxırdı. Birdən onun gözünə sürətlə qaçan Ağ Dovşan sataşdı. Bura qədər hər şey normaldır. Amma Ağ Dovşanın cib saatı var idi və o harasa tələsirdi, çünki tez-tez saatına baxırdı. Hər şeylə maraqlanan Alisa onun dalınca uzun tunelə oxşar yuvaya girir və içəridə bir-birindən fərqli qapılar görür. Hər qapının arxasında isə yeni bir aləm, qəribə, fantastik canlılar, inanılmaz macəralar onu gözləyirdi. Alisa özü də bu qəribə dünyada dəyişirdi - gah böyüyür, gah da cırtdandan da kiçik olurdu...

İxtisasca riyaziyyatçı olan məşhur ingilis yazıçısı və şairi Çarlz Lüdviq Dodsonun Luis Kerol imzası ilə yazdığı "Alisa möcüzələr aləmində" əsəri ilk dəfə 1865-ci ildə İngiltərədə çap olunub. Əsər mücərrəd ədəbiyyat tərzində yazılan ilk kitab hesab olunur və buradakı obrazlar, hadisələr, təsvirlər xüsusi fantaziyanın məhsuludur.
 Məhz buna görə "Alisa möcüzələr aləmində" əsəri 
klassik ədəbiyyat nümunəsi olsa da, hər dövrün uşaqları tərəfindən maraqla oxunur, öz aktuallığını itirmir.

Əsərin adı: "Alisa güzgünün içində" 

Müəllif: Luis Kerol 

Səhifə sayı: 160

Yaş kateqoriyası: 7 yaşdan yuxarı 

Heç hər gün baxdığın böyük güzgünün içinə keçmək haqqında fikirləşmisən? Təsəvvür et: güzgünün içindəsən, anan isə evdə səni axtarır. Bax Alisa da anasından gizlincə güzgünün içində səyahətə başlayanda ağlına gətirməzdi ki, uzaqlara gedəcək, başqa bir dünyanın qəribəlikləri ilə üzləşəcək. Alisa güzgü səyahətinə başlayanda nə görsə, yaxşıdır?! Şahmat fi qurları qol-qola girib gəzişir! Qız Kral və Kraliçalar, Trulala və Tralala, Gonbul Dumbul, Qara atlı Cəngavərlə qarşılaşır, təhlükəli şahmat oynayır: Alisa ya qalib gəlib Kraliça olmalıdır, ya da məğlub olub güzgünün içində qalmalıdır. Dəhşətdir, elə deyilmi? Tələs, Alisa, tələs! Vaxta lap az qalıb. Qara Kraliça isə gizlincə Alisaya tor qurur... Bəs necə olur ki, Alisa Qara Kraliçaya qalib gəlir?

Əsərin adı: "Kapitan Qrantın uşaqları" 

Müəllif: Jül Vern 

Səhifə sayı: 724

Yaş kateqoriyası: 14 yaşdan yuxarı 

“Kapitan Qrantın uşaqları” romanı bir əsrdən çoxdur ki, macəralara can atan gənc nəsillərin ədəbi-ruhi qidasına, ideya qaynağına çevrilmiş, dünyagörüşünə böyük təsir göstərmişdir. “Dunkan” gəmisi ilə dəniz səyahəti zamanı ovlanan çəkic balığının mədəsindən tapılan sirli şərab şüşəsi ucu-bucağı görünməyən macəralar aləminə yol açır. Cəsur, fədakar Qlenarvan ailəsi, kapitan Qrantın övladları və dostları şüşədən çıxan sənəd əsasında 37-ci paraleldə gəmi fəlakətinə uğramış dənizçilərin axtarışına çıxırlar. Cənubi Amerika, Avstraliya, Yeni Zelandiyada kapitan Qrantı və iki matrosu axtaranların başlarına gələnlər ağlasığmaz dönüşlərlə dolu kəskin süjet xəttində təqdim olunur. 

Coğrafi, tarixi və s. məlumatlarla zəngin, macəralarla dolu roman sevgi, dostluq, fədakarlığın hekayətidir. Səyyahlar And dağlarına dırmanır, zəlzələlərdən canlarını qurtarır, tufandan-daşqından qurtulur, dəniz fırtınalarının ortasına düşürlər. Avstraliyada katorqaçı quldurların, qırmızı canavarların, Yeni Zelandiyada adamyeyənlərin hücumuna məruz qalırlar. Amma bütün çətinliklərin öhdəsindən gəlirlər, çünki onlar bir-birini sevən, dəstəkləyən, fədakar dostların arasındadırlar.

Əsərin adı: "Şahzadə və dilənçi" 

Müəllif: Mark Tven 

Səhifə sayı: 316 

Yaş kateqoriyası: 12 yaşdan yuxarı 

Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? 

Əsərin adı: "Tom Soyyerin macəraları" 

Müəllif: Mark Tven 

Səhifə sayı: 388

Yaş kateqoriyası: 10 yaşdan yuxarı 

Məşhur Amerika yazıçısı Mark Tvenin “Tom Soyyerin macəraları” romanı öz müəllifinə böyük şöhrət qazandırmışdır. Hələ yazıçının sağlığında bestseller olmuş bu əsər dünya ədəbiyyatının incilərindən sayılır. Əsərin əsas qəhrəmanı olan dəcəl, nadinc, dalaşqan Tom, eyni zamanda, ağıllı, fəndgir, cəsarətli, qorxmazdır. Polli xalanı əsəbiləşdirən Tom onu çox istəyir, sinif yoldaşı Bekinin əvəzində cəzalanmağa razı olur, qətl hadisəsini törədənin kim olduğunu məhkəmədə açıb deyir, günahsız insanın cəzalandırılmasına ürəyi dözmür. Dostu Heklberri Finn ilə birlikdə Tom Soyyerin başına gələnlər oxucunu romandan ayrılmağa qoymur.

Əsərin adı: "Balaca Şahzadə" 

Müəllif: Antuan dö Sent-Ekzüperi

Səhifə sayı: 116

Yaş kateqoriyası: Demək olar ki, bütün yaş kateqoriyasının oxuya biləcəyi əsərdir. 7-dən 70-ə hər kəsə xitab edir. 

Təyyarənin motoru xarab olub, pilot hava mühərrikini birtəhər səhranın ortasına endirə bilib. Ətrafda köməyə gələcək heç kəs yoxdur. Pilot özü təyyarəni təmir etmək istəyir. Birdən yaxınlıqdan uşaq səsi eşidir. Pilotu təəccüb götürür, heyrət içində qalır. Bu uşaq səhraya haradan gəlib? Bilirsiniz, o kimdir? Balaca Şahzadə! O, balaca bir planetdən gəlib. Pilot onun söhbətlərinə qulaq asdıqca, sirli bacarıqlarını gördükcə Balaca Şahzadənin böyük gücə, iradəyə sahib olduğunu başa düşür. Bir-bir planetləri dolaşan, hər planetdə fərqli insanlarla söhbət edən Şahzadə, axır ki, istəyinə çatır! Böyük bir sirrin üstünü açır...

Əsərin adı: "Pollianna" 

Müəllif: Eleanor Porter 

Səhifə sayı: 256

Yaş kateqoriyası: 9 yaşdan yuxarı

Balaca Polliannanın həyatda miss Polli Harinqtondan başqa kimsəsi qalmayıb. Qızcığaz heç vaxt üzünü görmədiyi xalasının malikanəsində yaşamalı olur. Vəzifələrini hər şeydən üstün sayan miss Polli mərhum bacısının yetim qızına baxmağı da bir vəzifə hesab edir. Lakin bir müddət sonra balaca qız soyuq, hisslərini daim cilovlayan və qaydalardan çıxmayan xalasını dəyişdirməyə nail olur. Nəinki xalasını, hətta bütün qəsəbəni dəyişir. Tezliklə hamı ətrafa sevinc bəxş edən Polliannanı tanıyır, onu sevir. Onun xoşbəxtlik oyunu isə bütün qəsəbəyə yayılır. Bu oyun barədə təkcə xalası bilmir. Görəsən, o bu oyunu oynamağı öyrənə biləcəkmi? Bəs Pollianna başına gələnlərdən sonra xoşbəxt olmaq üçün səbəb tapa biləcəkmi?

Bütün bu sualların cavabını, eləcə də xoşbəxtlik oyununun qaydalarını bir əsrdən artıq müddətdir ki, sevilərək oxunan “Pollianna” əsəri ilə tanış olarkən tapacaqsınız.

Əsərin adı: "Qulliverin səyahəti" 

Müəllif: Conatan Svift

Səhifə sayı: 388

Yaş kateqoriyası: 14 yaşdan yuxarı 

Satirik fəlsəfi, eyni zamanda dərin mənalı fantastik roman – “Qulliverin səyahəti” ilk nəşrindən 3 əsr keçməsinə baxmayaraq, bu gün də dünya ədəbiyyatının bəyənilərək oxunan, həm əyləndirən, həm də düşündürən əsərlərindəndir. 

İrland yazıçısı və din xadimi olan Conatan Svift bu əsərində həm insan təbiətini, həm də “səyyahların nağılları”nı tənqid edir. O, bu əsəri yazmaqda məqsədinin “dünyadakı insanları çaşdırmaq, onların fikrini yayındırmaq yox, əksinə onları təşvişə salmaq, narahat etmək” olduğunu iddia edib.

Qulliverin başına nələr gəlir?!

Ömür boyu necə çətinliklərlə qarşılaşır?!

Əsərin adı: "Kəlilə və Dimnə" 

Müəllif: Dünya uşaq ədəbiyyatı nümunəsi 

Səhifə sayı: 404

Yaş kateqoriyası: 15 yaşdan yuxarı 

Oxuculara təqdim olunan “Kəlilə və Dimnə” qədim Şərq ədəbiyyatının əvvəlcə xalq arasında yaranıb, sonra müxtəlif kahinlər və guşənişin müdrik filosoflar tərəfindən işlənmiş ölməz abidələrindən biridir. Tədqiqatçıların inandığına görə, bu gözəl sənət əsəri təqribən III-IV əsrlərdə şifahi hekayələr şəklində öncə Hindistanda meydana gəlmişdir. "Kəlilə və Dimnə"də əhvalatlar heyvanların dilindən nəql olunur. Əlbəttə, bu, sadəcə bədii üsuldur. Əslində isə burada insan həyatının bəzi əhəmiyyətli, vacib məsələləri əks olunmuşdur. Ədalətli hakimiyyət haqqında, hakimlərlə xalq arasındakı münasibətlər haqqında maraqlı mühakimələrlə yanaşı biz orada qədim dövrlərdəki xalq həyatının bir çox canlı mənzərələrini, xalqın arzu və istəklərinin əksini görürük.

Əsərin adı: "Piter Pen" 

Müəllif: Ceyms Metyu Barri 

Səhifə sayı: 220

Yaş kateqoriyası: 12 yaşdan yuxarı 

“Piter Pen” romantik nağıl-povestdir. Bu əsəri dünyada əksər uşaqlar və yaşlı adamlar oxumuşdur. Əsərdə baş qəhrəman kimi təsvir olunan, heç vaxt böyümək istəməyən Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, olduqca nadinc, həm də böyüklər kimi qürurlu, intiqamçı və döyüşkən, eyni zamanda, uçmağı bacaran biridir. Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.

Əsərin adı: "Balaca və Karlson" 

Müəllif: Astrid Lindqren 

Səhifə sayı: 144

Yaş kateqoriyası: 8 yaşdan yuxarı 

Stokholm şәһәrinin әn adi küçәsinin әn adi evindә Svanteson soyadlı çox adi bir İsveç ailәsi yaşayırdı. Bu ailә әn adi atadan, әn adi anadan və onların әn adi üç uşağından – Bosse, Betan vә Balacadan ibarәt idi.

Balaca һәmişә deyirdi:

– Mәn һeç dә әn adi balaca deyilәm.

Ancaq bunu o, әlbәttə, düz demirdi. Axı yer üzündә o qәdәr yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ona görә dә, һeç şübһәniz olmasın: Balaca әn adi oğlan idi…

Əsərin adı: "Vinni-Pux" 

Müəllif: Alan A.Milne 

Səhifə sayı: 192

Yaş kateqoriyası: 12 yaşdan yuxarı 

Bu əsərin obrazları yazıçının oğlu Kristofer Robinin oyuncaqlarıdır. Kitabın əsas qəhrəmanı əsərin adından da göründüyü kimi, oyuncaq ayı balası Vinni-Puxdur. Bu əsərdə, həmçinin ulaq İa-ia, Pələng, Dovşan, Bayquş, Potabala, kenquru Kenqu və onun balası Ru kimi obrazlar maraq doğurur. Bu oyuncaqlar meşənin ən gözəl guşəsində yaşayır, əsl adamlar kimi çətin sınaqdan keçirlər. Bu əsərdə məzlumlara, köməyə ehtiyacı olanlara böyük rəğbət hissi var.

Əsərin adı: "Pinokkionun macəraları" 

Müəllif: Karlo Kollodi 

Səhifə sayı: 192

Yaş kateqoriyası: 8 yaşdan yuxarı 

«Pinokkio» dünya ədəbiyyatının gülməli və eyni za­man­da tə­sirli əsərlərindən biridir. Onun vətəni İtaliyadır. Uzunburun taxta kukla – Pinokkio obrazının məhz İtaliyada yaranması isə heç də təəccüblü deyil. Çünki İtaliya kukla və maska teatrlarının vətənidir. “Pinokkionun macəraları” romanı «Don Kixot», «Qulliver» və s. ölməz əsərlər kimi çox məşhurdur. «Pinokkio» başdan-ayağa cazibə, optimizm və insanlara qarşı sevgi hissiylə doludur. Karlonu dünyaya tanıdan və ilk adı “Oyuncaq hekayəsi” olan bu roman “Yalan da­nışmaq bir uşağın sahib ola biləcəyi ən pis xüsusiyyətdir” fikri əsasında qələmə alınıb.

Dözümsüz, xeyirxah, hazırcavab, ağılsız, səfeh, uzun­qulaq kimi axmaq, keçi kimi inadkar, ağlağan, güləyən, xud­bin və comərd xüsusiyyətləri özündə cəmləşdirən taxtaburun Pinokkionu bütün dünyada tanıyırlar, xüsusən, uşaqlar bu nağıl qəhrəmanını çox sevir. Çünki bu fantastik romanın cazibəsi hər şeydən əvvəl onun insan xarakterlərinin real təsvirindədir. Obrazlar oxucuya gündəlik həyatdan tanışdır.

Dünya uşaq ədəbiyyatının ilk nümunələrindən sayılan və ilk dəfə 1883-cü ildə kitab şəklində nəşr edilən bu roman indiyə kimi 240 dilə tərcümə edilib. Romanın tərbiyəvi əhə­miyyəti ondan ibarətdir ki, uşaqlar Pinokkionun nadinc­liyindən, yaramazlığından başına gələn hadisələri oxuyub ibrət götürür, yaxşı insan olmağa can atırlar.

Əsərin adı: "Alisa Güzgüarxasında" 

Müəllif: Luis Kerol 

Səhifə sayı: 160

Yaş kateqoriyası: 12 yaşdan yuxarı 

Lüis Kerolun “Alisa Güzgüarxasında” kitabının, çətin ki, təqdimata ehtiyacı olsun. Onun haqqında eşitməyən kimisə təsəvvür etmək mümkün deyil, çünki bu nağıl uzun illərdir öz populyarlığını qoruyub saxlamışdır. Alisanın macəraları haqqında hekayələr həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunur. Uşaq ədəbiyyatı janrına aid olmasına baxmayaraq, bu kitabda onu vərəqləyən hər yaşda oxucu üçün müdrik fikirlər tapılacaqdır. “Alisa Güzgüarxasında” azyaşlılar üçün aydın və maraqlı, böyüklər üçünsə onları düşünməyə vadar edəcək tərzdə yazılmışdır. Müəllif çox böyük məharətlə sözlərlə oynayır, qəribə obrazlar yaradaraq, onların köməyi ilə gizli fikirlərini oxucuya çatdırırdı. Hekayədəki qısa poetik frazalar özündə gizli fəlsəfi məqamları ifadə edir, ona görə də kitab oxucunun düşüncə tərzinə güclü təsir edə bilər.

Bu dəfə Alisa güzgünün içindən keçib inanılmaz bir ölkəyə – Güzgüarxasına düşmüşdü. Alisanın düşdüyü dünya şahmat lövhəsinə, sakinləri isə ağ və qara rəngli şahmat fiqurlarına bənzəyirdi. Alisa bir xanadan digərinə səyahət edərkən qeyri-adi sehrli varlıqlarla tanış olur. Onun yolu çox həyəcanlandırıcı və son dərəcə maraqlıdır.

Əsərin adı: "Uzuncorab Peppi" 

Müəllif: Astrid Lindqren

Səhifə sayı: 144

Yaş kateqoriyası: 8 yaşdan yuxarı 

Peppi atasız, anasız tək yaşamağı bacarır. Peppi obrazı uşaqlara xeyirxahlığı aşılayır. Hər bir uşağın şəxsiyyət olduğu fikrini, özgüvən hissini aşılayır. 

Əsərin adı:" Çarli və şokolad fabriki" 

Müəllif: Roald Dahl

Səhifə sayı: 192

Yaş kateqoriyası: 8 yaşdan yuxarı 


Çarli Baket kasıb bir ailədə dünyaya gəlib. Atası diş məcunu fabrikində işləyir, aldığı maaş çox azdır, hətta normal qidalanmaq imkanı yoxdur. Çarlinin ən çox sevdiyi şey şokoladdır. İldə bir dəfə, ad günündə valideynləri ona bir qəlib şokolad hədiyyə edir. Onun yaşadığı şəhərdə, hətta evlərinin yaxınlığında şokolad fabriki var. Çarli hər gün məktəbə gedəndə bu fabrikin yanından keçir, ətrafa yayılan əridilmiş şokolad qoxusunu iyləyir. Onun ən böyük arzusu o fabrikin içinə girmək, orda işləyənlərin kim olduğunu öyrənməkdir. Nəhayət, arzusu çin olur. Bir gün fabri­kin sahibi qəzetdə elan verir. Satışda olan şokolad qəliblərindən beşinin içində Qızıl bilet var. Kim bu bileti tapsa o fabriklə tanış olacaq, sonda da ona öm­rünün sonunacan kifayət edən şirniyyat veriləcək. Çarli beş biletdən birini tapır.

Əsərin adı: "Qoca və dəniz" 

Müəllif: Ernest Heminquey

Səhifə sayı: 104

Yaş kateqoriyası: 12 yaşdan yuxarı 

“Qoca və dəniz” Ernest Heminqueyin dünya şöhrətli əsəridir. Əsərdə ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan tənha qocadan bəhs edilir. Öncəki bütün ovları uğursuz nəticələnən qoca bu dəfə nəhəng bir balıq ovlayır. Bu zaman isə o, öz şikarını köpəkbalıqlarının hücumundan qorumaq üçün gərgin mübarizə aparır. Baş qəhrəmanın prototipi müəllifin yaxından tanıdığı kubalı qoca balıqçıdır.

Əsərin adı: "Buratino" 

Müəllif: Aleksey Tolstoy 

Səhifə sayı: 160

Yaş kateqoriyası: 12 yaşdan yuxarı 

Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, Duremar, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, pudel Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.

Əsərin adı: "Qış kölgəsi" 

Müəllif: Riçard Nayt

Səhifə sayı: 80

Yaş kateqoriyası: 9 yaşdan yuxarı 

"Qış Kölgəsi" nəfis tərtib olunmus, əsrarəngiz kitabdır. O, yığcamlığı və oxunaqlı olması ilə bütün oxucularda da maraq yaradacaq, xüsusilə, heyvansevərlərin rəğbətini qazanacaq". 

Əsərin adı: "Karius və Baktus" 

Müəllif: Torbyorn Eqner

Səhifə sayı: 40

Yaş kateqoriyası: Yenicə oxumağa başlayan uşaqlar üçün 

Uşaqlar, dişlərinizin içində ev tikən cırtdanlardan xəbəriniz var? Bu sözəbaxmaz cırtdanlar sizin dişlərinizi ovub tökür, sizi ağladır. Məşhur Norveç dramaturqu Torbyorn Eqner bu kitabı yazaraq Yens adlı oğlanın ağzında yaşayan “diş trolları”nın qorxulu əməllərinin üstünü açıb, onları kariyes və bakteriyaya bənzədərək qarasaçlı cırtdanı “Karius”, kürənsaçlı cırtdanı isə “Baktus” adlandırıb. Müəllif Skandinaviya folklorunda “trol” adlanan çirkin cırtdan divlərin illüstrasiyalarını da özü çəkib. 

Hazırladı: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et