Payız və qış aylarında doğulan körpələrdə qida allergiyası riskinin daha yüksək olduğu açıqlanıb. Bəs körpədə qida allergiyasının qarşısını almaq üçün gələcək analar nə etməlidirlər?
Qida allergiyasının dünya əhalisinin 2%-dən 10%-ə qədərini təsir etdiyi təxmin edilir. Son illərdə qida allergiyası olan uşaqların sayında sürətli artım müşahidə olunur. Buna görə də elm adamları qida allergiyasının qarşısını almaq üçün araşdırmalara diqqət yetiriblər. Valideynlərdə allergik xəstəlik olması uşaqlarında qida allergiyası riski yaratsa da, qida allergiyasının inkişafına səbəb olan ekoloji risk faktorları ilə bu risk artır. Türkiyə Milli Allergiya və Klinik İmmunologiya Dərnəyinin üzvü Dr. Sait Karaman, "Payız-qış aylarında doğulan körpələrdə qida allergiyası riski yaz-yay aylarında doğulanlardan daha yüksəkdir. Doğuş üsulu da qida allergiyasının inkişafında əhəmiyyətli bir risk faktorudur" – deyib. Qeysəriyyə ilə doğuşların qida allergiyası riskini də artırdığına diqqət çəkən Dr. Karaman, "Körpələrində qida allergiyasının qarşısını almaq üçün anaların qida rasionunun dəyişdirilməsi vacibdir. Hamiləlik və ana südü ilə qidalanma dövründə meyvə-tərəvəz və balıq istifadəsinin körpələrdə allergiyanın yaranmasının qarşısını aldığına dair elmi sübutlar var" – deyib.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
