24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamovdur. O, yay ayında hazırlanan turşuların hansı şəraitdə saxlanılması və hazırlanarkən zəhərlənmə baş verməməsi üçün hansı məsələlərə diqqət edilməsi lazım olduğu barəsində danışıb.

-Yay ayında hazırlanan turşular necə şəraitdə saxlanılmalı və hazırlanarkən hansı məsələlərə diqqət edilməlidir ki, zəhərlənmə baş verməsin?
İlk olaraq, məhsulun seçimində diqqət etməli olduğumuz məqamlar var. Çürümüş, kiflənmiş, əzilmiş, çartlamış, yəni xarab olmuş məhsullar olmasın. Alınan məhsullar yerli olmalıdır. Hibrid məhsul olmalı deyil. Alıb evə gətirilən məhsul yaxşıca yuyub-durulanmalıdır. Torpaqdan arındırmaq lazımdır, çünki torpaqda botulizm bakteriyası var, bu bakteriya da ölümcül bir bakteriyadır, bu bakteriya nəticəsində insan zəhərlənərkən ölə də bilir. Ona görə də turşuları qoyanda diqqətlə yuyulmalıdır, təmizlənməlidir, dezinfeksiya olmalıdır və bundan sonra isti su ilə sterizilə olunmuş balonlarda, şüşə qablarda duza qoyulmalıdır. Və burda da diqqət edəcəyimiz məqamlardan biri də budur ki, həmin balonların içinə çiy su getməməlidir. Əgər çiy su gedərsə, təbii ki, məhsul da tez xarab olacaq, qıcqıracaq və yeyildiyi təqdirdə qida zəhərlənməsi qaçılmaz ola bilər.
24media.az xatırladır ki, qış mövsümündə insanların turşuya olan meylinin artması zəhərlənmə hallarının artmasına səbəb olur. Yayda hazırlanan turşu və şorabalar heç də həmişə müsbət sonluqla nəticələnmir. Turşu hazırlamaq ciddi bilgi və təcrübə tələb edir. Onun tərkibinə qədərindən az və yaxud çox hansısa bir məhsulun əlavə edilməsi zəhərlənməyə, bəzən də ölümə səbəb ola bilər. Zəhərlənmə halında müdaxilə üçün maksimum 8 saat vaxt var. Zəhərlənmənin ilkin əlaməti qarında kəskin ağrılar və mütəmadi qaytarma hallarıdır. Narahatlıq hiss edən zaman ən azı 2-3 stəkan su içmək lazımdır və dərhal həkim müdaxiləsi olmalıdır.
Lumu Zülfüqarova
