24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Karyera və İşə Hazırlıq Mərkəzinin rəhbəri, karyera məsləhətçisi Şahin Sərdarlıdır. O, karyera, gələcək qurmaq haqda danışıb.
-Bəzi insanlar gələcəklərini qurmaq üçün qorxurlar, çünki gecikdiklərini, bir ümid qalmadığını və s. düşünürlər. Nə zaman insan öz gələcəyini qurmalıdır, yəni karyera qurmaq üçün ideal yaş neçədir?
-Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, karyera qurmaq üçün xüsusi bir yaş tələbi yoxdur. Önəmli olan odur ki, şəxs iş həyatına atılmaq üçün özünü hazır hiss etsin. Baxmayaraq ki, əmək bazarına nəzər salsaq, görərik ki, şirkətlər adətən məzunları və iş təcrübəsi olanları işə qəbul etməyə üstünlük verirlər, amma buna baxmayaraq, əksər gənclər tələbəlik həyatı dönəmindən artıq müəyyən şirkət və müəssisələrdə rəsmi işə qəbul ala bilirlər. Buna təkan verən əsas səbəb də gənclərin təlim, təcrübə və könüllülük proqramlarında iştirakı və həmin müddət ərzində qurduqları əlaqələrdir. Karyera həyatına başlamaq üçün gənclər ixtisaslaşdığı və ya ixtisaslaşmaq istədiyi sahəni sevməli və o sahədə inkişafa maraqlı olmalıdırlar. Təlim və təcrübə proqramları iş həyatında önəmli rol oynayır. Gənclər tələbəlik illərindən təlim, könüllülük və təcrübə proqramlarına müraciət etməli və zamanı düzgün planlamalıdırlar. Əksər şəxslər isə məzun olduqdan sonra iş tapa bilməmək problemi ilə üzləşir, lakin iş tapmaq üçün də yetərincə təcrübə proqramları tapa bilmirlər. Ya ixtisas dəyişir, yəni başqa sahələrə yönəlirlər, ya da əmək bazarını detallı araşdırmağa cəhd etmir, qarşılarına çıxan müxtəlif şansları dəyərləndirmək istəmirlər. Gözləntiləri hər zaman çox olur, lakin praktiki bilikləri aşağı olduğu üçün şirkətlər tərəfindən dəyərləndirilə bilmirlər. Mövcud əmək bazarı elədir ki, aktiv, mövcud sahə və ya sahələr üzrə, eləcə də texniki biliklərə sahib gənclər daha çox inkişaf edə, həmçinin karyeralarına rahatlıqla başlaya bilərlər. Tövsiyə edirəm ki, gənclər mütləq şəkildə inkişaf proqramlarından yararlansın və əmək bazarında öz maddi dəyərini qaldırsınlar. Yaş məsələsinə təkrar toxunmaq istəyirəm, inkişaf üçün heç vaxt gec deyil, nəyisə istəməklə kifayətlənmək olmaz, bunun üçün çalışmaq və çox çalışmaq lazımdır, istəmək işin yarısıdır, digər yarısı isə “Bunun üçün nə etdin?” sualına verə bilinəcək həqiqi cavab olmalıdır.
Aydan Qasımova
