Bu gün:

“Tikinti materiallarının qiymətində ilbəil artım müşahidə olunur“


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevdir. O, Azərbaycanda tikinti materiallarının qiymətinin artması barədə danışıb.


-Sosial şəbəkələrdə sakinlər təmir-tikinti bazarında qiymət artımı olduğunu iddia edir. Belə bir artım həqiqətənmi var və əgər varsa, bu nə ilə əlaqədardır?


-Tikinti materiallarının qiymətində ilbəil artım müşahidə olunur. Artımlar daha çox 2020-ci ildə pandemiya dövründə baş verdi. Quru və hava yollarının bağlı olması səbəbindən nəinki Azərbaycanda, həmçinin dünyanın digər ölkələrində də tikinti materiallarının daşınmasında problemlər yarandı. Müəssisələrdə pandemiya səbəbindən işçi saylarının azalması da xam malının dəyərinin artmasına gətirib çıxardı. Xarici ölkələrdən gələn materiallar daha çox Rusiya və Ukraynadan gəlirdi. Bununla da tikintidə istifadə olunan taxta və dəmir məmulatlarının qiymətlərində artımlar baş verdi.

Artımların davam etməsinin səbəblərindən biri də əməkhaqqının, komunal xərclərin, icarə qiymətlərinin artması ilə əlaqədardır. Sahibkar bu xərcləri qarşılamaq və qazanc əldə etmək üçün məcburən qiymətləri qaldırır.

Biz 2020-ci ildə işğal altındakı torpaqlarımızı azad etdik və həmin ərazilərdə də tikinti işləri aparılır. Beləliklə, tikinti materiallarına təlabat artır. Azad olunmuş ərazilərimizdə 140 adda təbii sərvət mövcuddur ki, bunların da böyük əksəriyyəti tikintidə istifadə olunan məhsullardır. Düşünürəm ki, gələcəkdə azad olunmuş ərazilərimizdəki təbii sərvətlərin emalına başlanarsa, artıq Azərbaycan da kifayət qədər tikinti materialı istehsal edər və bu da qiymətlərin enməsinə gətirib çıxara bilər.


Nahid Xəlilov

Paylaş
Şərh əlavə et