24media.az-ın "1 sual və 1 cavab" rubrikasının budəfəki qonağı nəqliyyat eksperti Elməddin Muradlıdır. O, Azərbaycanda skuterlərlə bağlı qaydalardan danışıb.

-Skuterlər üçün yol qaydaları və vəsiqə tələbi necə tənzimlənməlidir?
Skuterlərlə bağlı hər hansısa bir vəsiqəyə ehtiyac yoxdur. Sadəcə, "Yol hərəkəti Haqqında" qanunda onların təsbiti həyata keçirilməlidir. Velosipedçilərin, piyadaların, mal-qara otaranların, at arabasıyla hərəkət edənlərin hüquq və vəzifələri olduğu kimi skuter sürücülərinin də hüquq və vəzifələri mütləq müəyyənləşməlidir. Qanun qarşısında da onların məsuliyyəti formalaşmalıdır. Onlar yollarda çox xaotik şəkildə hərəkət edirlər. Bu da yol qəzalarına yol açır. Mən düşünürəm ki, "Yol hərəkəti Haqqında" qanuna müəyyən dəyişikliklər etməklə skuterlərin hərəkətini tənzimləmək lazımdır. Skuterlər artıq dünyada cəmiyyətin həyatına daxil olub və mühüm nəqliyyat vasitəsinə çevrilib. Gəlişiylə bir çox problemlər də gətirib. Bir çox ölkələr artıq sərt cəzalar tətbiq edir. Xarici ölkələrdə skuterlərin şəhərin mərkəzi küçələrində, magistral yollarda sürülməsi qadağan edilib. Bəzi ölkələr isə yaş həddi tətbiq edib. Hətta qayda pozuntusunda avtomobil sürücüləriylə, demək olar ki, eyni səviyyəli cərimələr tətbiq olunur. Digər ölkələrdə olan yanaşmalar çox fərqlidir. Azərbaycan bu təcrübələri təhlil edib, müəyyən addımlar atmalıdır. Əgər qaydalar tərtib olunmazsa, skuterlərin səbəb olduğu dəhşətli qəzaların şahidi olacağıq.
Lamiyə Cənnətzadə
