Bu gün:

Bir ulduzun doğuşuna şahidlik


Ulduzlar ulduzlararası mühitdə toz və qaz buludlarının yüksək sıxlıq hissələrinin qravitasiya səbəbindən çökməsi nəticəsində yaranmağa başlayır. Sıx toz və qaz buludunun mərkəzi cazibə qüvvəsinin təsiri ilə ətrafına maddə topladıqca mərkəzin temperaturu yüksəlir. Bu vaxt onun mərkəzində, hidrogenin heliuma çevrilməsini təmin edən birləşmə reaksiyalarının hələ baş vermədiyi ulduza bənzər bir quruluş meydana gəlir. Bu quruluşa protostar və ya primordial ulduz deyilir. Proto-ulduzların temperaturu yüksəldikdə və mərkəzlərində birləşmə reaksiyaları baş verdikdə həqiqi ulduzlara çevrilirlər.

Ətrafdakı toz və qaz buludu səbəbindən görünən dalğa uzunluğunda protostarları müşahidə etmək mümkün deyil. Bununla belə, onlar infraqırmızı və ya mikrodalğalı dalğa uzunluqlarında aşkar edilə bilər. L1527-nin bu şəkli də James Webb Kosmik Teleskopunun Yaxın İnfraqırmızı Kamerası (NIRCam) tərəfindən çəkilib.

L1527-nin protostar ulduzu qum saatı dumanlığının düyün nöqtəsində qaranlıq xəttin arxasında gizlənir. Bu qaranlıq zolaq protoulduzu maddə ilə təmin edən disk formalı strukturdur və ölçüsünə görə Günəş sistemindən bir qədər böyükdür.

Təxminən 100.000 illik proto-ulduzdan yayılan infraqırmızı şüalar qum saatı formalı dumanlığın içindəki boşluqları işıqlandırır. Bu boşluqlar proto-ulduzun qütblərindən buraxılan maddənin ətrafdakı dumanlıqla qarşılıqlı əlaqədə olması nəticəsində əmələ gəlir.

460 işıq ili uzaqlıqdakı protostar L1527, Günəş və Günəş sisteminin formalaşma mərhələlərində necə göründüyü haqqında məlumat verir.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova 



Paylaş
Şərh əlavə et