
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi kitab üzrə videobloger Sərxan Rüstəmovdur. O, uşaqlarda kitaba marağın necə yaradılmasından bəhs edib.
- Uşaqlarda kitablara maraq yaratmaq üçün valideynlər və dövlət nə etməlidir?
Valideyn uşağın həyatının bünövrəsində vacib rol oynayır. Uşağın ilk 6 ili valideynlərinin yanında keçir. Bu yaş dövründə məktəbin və ya bağçanın təsiri uşağa azdır. Buna görə də ilk 6 ildə atılan toxumlar uşağın bütün həyatına təsir edir. Düşünürəm ki, ilk növbədə, valideynin özündə kitaba maraq olmalıdır. Əgər valideynin kitab oxumağa, mütaliə etməyə marağı yoxdursa, o halda uşaqda maraq oyatmaq çətin olacaq, yəni süni olacaq və təsirli olmayacaq. Təbii ki, hər kəs kitab oxuyan deyil, valideyn düşünə bilər ki, oxumağa şərait olmayıb və övladının oxumağını istəyir. Əlbəttə ki, valideyn bunu ürəkdən istəyirsə, bu gözəl şeydir. Valideyn övladının kitab oxumasını təkcə istəklə deyil, əməli ilə bunu göstərirsə, bu, uşağa da təsir edəcək. Valideyn övladının kitab oxuması üçün bunları etməlidir:
Evdə kitab rəfinin olması vacibdir.
Kitab kateqoriyasının yaşlılara, uşaqlara və böyüklərə görə olması doğrudur.
Təkcə uşaqlara kitab alınması doğru deyil. Çünki uşaq fikirləşəcəkdir ki, valideynin kitabı nə səbəbə yoxdur və o niyə kitab oxumur?
Ad günü, özəl və bayram günlərində uşaqlara geyim, şirniyyatla yanaşı, kitab hədiyyə etmək əla seçim olar. Kitablar rəngli olsa, bu, uşaqların marağını daha da çəkər.
Uşaqları həftədə, ayda imkan olduqca kitab mağazalarına, guşələrinə, sərgilərinə və yazıçılarla görüşə aparmaq çox önəmli məsələlərdir.
Uşaqlar hərfləri tanımasalar belə, valideyn övladı üçün kitabı oxumalıdır. Evdə kitab oxuma saatının olması çox faydalı olar və uşağın əli çata biləcəyi yerdə oyuncaqlarla yanaşı, kitab da olmalıdır.
Əhalinin maarifləndirilməsində dövlətin rolu böyükdür. Amma istər valideyn, istərsə də vətəndaş ümidlərini dövlətə bağlayıb nə isə gözləməməlidir. Dövlət kitab oxumaq üçün möhtəşəm şərait yarada bilər, ancaq kitab oxumaq insanın daxilindən gələn bir şeydir. Ölkəmizdə kifayət qədər kitab mağazaları yaradılır, sərgilər keçirilir və kitabla əlaqəli sosial media imkanları genişləndirilir. Hətta vətəndaş fiziki olmasa belə onlayn və yaxud da elektron kitablar oxuya bilər. Yaxın zamanlarda kitablarda ƏDV ləğv olundu və bu uğurlu addım idi. Bu addım kitab bazarına müəyyən qədər kömək oldu. Gələcəkdə ucqar kəndlərdə kitabxanaların, kitab mağazalarının açılması təşkil oluna bilər və məktəb kitabxanaları zənginləşdirilə bilər. Hətta televiziyada insanları mütaliəyə sövq edən və kitab oxumaq sevgisi yarada biləcək verilişlər, reklamçarxlar yaradıla bilər.
Tərlanə Abdullayeva
