
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Unikal Media Qrupun baş redaktoru Zaur Əhməddir. O, Azərbaycanda jurnalistlərin evlə təmin olunması barəsində danışıb.
-Jurnalistlərə ev verilməsi məsələsi tez-tez gündəmə gəlir. Bildiyimiz kimi, qarşıdan 22 iyul-Milli Mətbuat Günü gəlir, sizcə, bu gün münasibətilə media sahəsində yüksək əmək və zəhməti olan jurnalistlər evlə təmin olunmalıdırmı?
-Jurnalistlər də bu ölkənin vətəndaşlarıdır və onların da ev sahibi olmağa haqqı var. Təəssüf ki, hazırkı şərtlərdə jurnalistlərimizin böyük əksəriyyətinin ev almaq üçün maddi imkanı yoxdur. Mediada orta aylıq əməkhaqqı bəllidir və bununla ev almaq müşkül məsələdir. Bu mənada Prezidentin sərəncamı ilə jurnalistlərə mənzil verilməsi ideyası və təşəbbüsü təqdirolunandır. Yəqin ki, dövlət rəsmilərinin də hazırda jurnalistikada çalışanların orta aylıq gəlirləri barədə məlumatı var. Bu səbəbdən də jurnalistlərin mənzillə təminatı məsələsində heç bir mənfi tərəf ola bilməz. Təbii ki, könül istər ki, media nümayəndələri elə yüksək əməkhaqqı alsın ki, öz maaşları ilə ev sahibi alaydılar, amma reallıq ortadadır. Mədəniyyət xadimlərinə, fərqli sahələrdə çalışan ayrı-ayrı seçkin insanlara dövlət tərəfindən ev verilməsi müsbət haldır.
Doğrudur, “nəyə görə jurnalistlərə ev verilməlidir?” sualını verənlər də var. Mən bu mövqedə olanların fikirlərinə hörmətlə yanaşıram. Amma jurnalist öz dövlətindən mənzil alırsa, burada qəbahət yoxdur. Zatən hamımız bu və ya digər formada bu dövlətin vətəndaşı olmaqla yanaşı, bu dövlətin əsgəriyik, xidmətindəyik. Əgər qəhrəman əsgərlərimiz səngərdə düşmənlə savaşırdısa, media nümayəndələri informasiya cəbhəsində savaşırdı. İnformasiya siyasəti də dövlətin təhlükəsizliyi üçün çox vacibdir. Bu səbəbdən dövlətin milli maraqları uğrunda savaşan, informasiya siyasətində milli maraqları ön sıra tutan media nümayəndələrinin sosial problemlərinin həllinə çalışmaq olduqca mühüm məsələdir. Hesab edirəm ki, hazırda istismara hazır olan jurnalistlər üçün tikilən üçüncü bina hər hansı bir formada müəyyənləşmiş şərtlər əsasında məhz jurnalistlərə verilməlidir. Ümid edirik ki, səlahiyyət sahibləri bunun üçün uyğun bir variant tapıb məsələnin son nöqtəsini qoyacaqlar.
24media.az xatırladır ki, Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirilir.
Nahid Xəlilov
