Bu gün:

Vətəndaş hüquqları uğrunda mübarizənin siması Cesse Cekson həyatını itirib


ABŞ-də insan haqları uğrunda mübarizənin simvolu olan Cesse Cekson 84 yaşında vəfat edib. Ailəsinin açıqlamasına görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum liderin qızı ataları haqqında danışarkən deyib: "O təkcə ailəmizin deyil, həm də haqsızlığa məruz qalmışların, səsi eşidilməyənlərin və unudulanların xidmətçi lideri idi."

Cekson 1960-cı illərdə Martin Lüter Kinqin yanında vətəndaş hüquqları uğrunda mübarizə aparıb. Kinqin qızı onu "istedadlı danışıqçı" kimi xatırlayır.

ABŞ Prezidenti Donald Tramp Ceksona hörmətini bildirərək onu "təbiət qüvvəsi" adlandırıb və "çox güclü şəxsiyyətə, cəsarətə və küçə ağlına sahib idi" deyə vurğulayıb.

Keçmiş vitse-prezident Kamala Harris isə Ceksonu "Amerikanın ən böyük vətənpərvərlərindən biri" kimi qiymətləndirib.

Cekson afroamerikalıların həyatını yaxşılaşdırmaq və onları siyasi cəhətdən təşkilatlandırmaq yolunda fəaliyyət göstərib. İki dəfə prezidentliyə namizədliyini irəli sürüb və ölkə miqyasında böyük təsir gücünə malik olub.

Cekson 2017-ci ildə Parkinson xəstəliyinə tutulub. Keçən ilin noyabrında isə ona degenerativ vəziyyət diaqnozu qoyulub və müşahidə altına alınıb.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et