İsrail hökuməti işğal olunmuş Qərb Şəriyədə “torpaq qeydiyyatı prosesi”nə başlanmasını nəzərdə tutan qərarı təsdiqləyib.

İsrail mediasının məlumatına görə, təşəbbüs ədliyyə naziri Yariv Levin, maliyyə naziri Bezalel Smotrich və müdafiə naziri Yisrael Katz tərəfindən irəli sürülüb.
Qərara əsasən, İsrail administrasiyası 1967-ci ildən bəri ilk dəfə olaraq Qərb Şəriyədə torpaqların rəsmi qeydiyyatına başlamağı planlaşdırır. Proses həm israilli sakinləri, həm də bölgədə fəaliyyət göstərən məskunlaşma strukturlarını əhatə edəcək.
Sənədə görə, özəl mülkiyyət statusu sübut edilə bilməyən torpaqlar “dövlət torpağı” kimi qeydiyyata alınacaq. Bu addımın bölgədə yeni yaşayış məntəqələrinin salınmasına və mövcud məskunlaşmanın genişlənməsinə təsir göstərə biləcəyi bildirilir.
C bölgəsi ilə bağlı planlar
Israel HaYom qəzetinin məlumatına görə, qərar ilkin mərhələdə Oslo Sazişləri çərçivəsində İsrailin nəzarətində olan C bölgəsini əhatə edəcək.
Plana əsasən, 2030-cu ilə qədər C bölgəsindəki torpaqların təxminən 15 faizinin mərhələli şəkildə yenidən qeydiyyata alınması nəzərdə tutulur. Mütəxəssislər bütün ərazidə qeydiyyat prosesinin tamamlanmasının təxminən 30 il çəkə biləcəyini bildirirlər.
Beynəlxalq hüquqi mövqe
Beynəlxalq hüquqa əsasən, 1967-ci ildə işğal edilmiş Qərb Şəriyə gələcək Fələstin dövlətinin ərazisi hesab olunur. Beynəlxalq təşkilatlar İsrailin bu ərazidə həyata keçirdiyi məskunlaşma və torpaqla bağlı tədbirləri mübahisəli hesab edir.
https://share.google/7GXVg4VJux36zGfdA
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
