24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi media eksperti Zeynal Məmmədlidir. O, peşəkar jurnalist olmaq üçün bir çox tövsiyələrdən danışıb.

-Peşəkar jurnalist olmaq üçün gənc jurnalistlər özlərini necə inkişaf etdirə bilərlər?
Heç nə sıfırdan başlamır. Yəni jurnalistlər peşəkar olmaq üçün yaşlı həmkarlardan və ya bir çox kitablardan peşəkarlıq nədir?, peşəkar əxlaq və peşəkar qırmızı xətt nədir? bu kimi sualları mənimsəmək lazımdır. Sözsüz ki, yaşlı həmkarlarından təcrübə yığırlarsa, yazılı ssenari, yazılı xəbər mətnləri və ya video materialları olsun, hamısını izləmək, öyrənmək, tanış olmaq lazımdır. Məsələn, "Həyat" qəzeti yaradılıb. Bu zaman "Həyat" qəzetinin nə vaxt çıxdığını, redaktorunun kim olduğunu öyrənirsiniz. Biri var ki, siz qəzeti oxuyasınız və bunun üçün də ərəb əlifbasını bilməlisiniz. Və yaxud kimlər isə zəhmətə qatlaşıb məzmunu ərəb əlifbasından indiki əlifbaya çevirirlər. Bununla da, əsl mətləb ilə tanış olurlar. Tanış olduqca, təcrübəyə yiyələnirsən. Nəticədə, sənin gözünün önündə media təsəvvürü yaranır. Bundan başqa, gənc jurnalistlərə peşəkar olmaq üçün medianın fəlsəfəsini anlamağı məsləhət görərdim. Onun üçün Marşal Makluenin "Medianı anlamaq" adlı çox gözəl bir kitab var. Kitab keçən əsrin ortalarında yazılmışdır. Kitabda bugünkü medianın rastlaşdığı fenomenlər, çətinlikləri elə dəqiq təsvir edilmişdi ki, təəccüblənməmək əldə deyil. Onu "Elektron peyğəmbəri" adlandırırdılar. Peşəkar olmaq ortamı yaxşı bilməkdir. Media ifadə azadlığını birbaşa görüntü səviyyəsində anlamaq lazım deyil. Bunu təbii hüquq səviyyəsində anlamaq lazımdır. İnsan məsuliyyət daşıdığı şeylər üçün azaddır. Azadlıq və məsuliyyət bir-biri ilə çox əlaqəli anlayışlardan biridir. Əsas bunu qavramaq lazımdır. İkinci olaraq, azad media həmişə çox güclü bar verən insanların ürəyincə olmaya bilər. Güclü qərar verən insanlar adətən hakimiyyətdə olurlar. Bu zaman cəmiyyətin yardımını necə əldə edə bilərsən? Azərbaycan jurnalistlərinin günümüzdə ən çox rastlaşdığı ən ciddi problemlərdən biridir. İndiki gənc əməkdaşların çoxu jurnalistikanı ağ-qara şəklində görür və çoxları buna maaş aldıqları bir yer kimi baxırlar. Yəni medianı kommersiyalaşdırmaq bütün dünyada baş verir. Azərbaycanda isə bu proses medianın tam dolğun amillərini görməməsindən irəli gəlir. Nəticədə, keçmiş və indiki zamanımızla da çox öyünə bilmirik. Buna görə də gələcəyimiz çox qeyri-müəyyən şəkildə görünür. Sözsüz ki, gənclərin yetkin peşəkarlardan öyrənməsi də problemə çevrilir.
Fatimə Mustafayeva
