“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda növbəti təlim keçirilib.
24media.az məlumat verir ki, artıq bir həftədir davam edən təlimlərdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və sahə üzrə mütəxəssislər iştirak ediblər. Təlimin üçüncü günündə ustad dərslərini Əməkdar jurnalist, AzTV-nin "Analitik qrup"-unun rəhbəri Faiq Hüsiyev, Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev keçib.

Təlim çərçivəsində Faiq Hüsiyev “Müasir televiziyada yeni trendlər” mövzusunda çıxış edib. O, jurnalistikanın bu gün qarşılaşdığı əsas çağırışlardan, televiziya sahəsində müşahidə olunan yeniliklərdən və analitik verilişlərin efir məkanında artmaqda olan rolundan bəhs edib.
Çıxışı zamanı Faiq Hüsiyev “ümumi türk dili” adı altında bəzi sözlərin Azərbaycan dilinə daxil edilməsinin doğru yanaşma olmadığını bildirib, dilimizin saflığının və televiziya dilinin təmizliyinin qorunmasının vacibliyini xüsusi vurğulayıb. O, həmçinin hər bir dövrün əsas tələbinin yeniliklərə uyğunlaşmaq olduğunu qeyd edib, süni intellektin isə yaxın gələcəkdə media sahəsində ciddi rəqibə çevriləcəyini diqqətə çatdırıb.
Daha sonra Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova “Televiziya, radio və ictimai çıxışlarda yol verilən tipik səhvlər – savadlı şifahi nitq: tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Tədbir zamanı televiziya, radio və ictimai çıxışlarda rast gəlinən nitq qüsurları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xatirə Hüseynova çıxışına Nəsir Əhmədlinin nitq haqqında söylədiyi fikirlə başlayıb və şifahi nitqin düzgünlüyünün mediada xüsusi məsuliyyət daşıdığını vurğulayıb. O, nitq və dil anlayışları arasındakı fərqləri izah edib, düzgün nitqin əsas cəhətlərindən və onu daha təsirli edən üsullardan bəhs edib.
Çıxış zamanı düzgün nəfəsalma texnikasına xüsusi diqqət ayrılıb və diafraqma tipli nəfəsin ən doğru üsul olduğu qeyd edilib. X.Hüseynova dialektlərin tələffüzdə istifadəsinin, xüsusilə televiziya jurnalistikasında yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, müsahiblərin danışığında dialekt elementləri müəyyən hallarda nitqə rəng qata bilər, lakin aparıcı, müxbir və jurnalistlərin çıxışlarında bu cür hallara yol verilməməlidir.
Təlimdə rus dilindən birbaşa tərcümə nəticəsində formalaşan “hansı ki” ifadəsinin uzun illərdir problem yaratdığı vurğulanıb və bu tip ifadələrin mediada istifadəsinin aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda televiziya və radiolarda fonetik, leksik və qrammatik normaların pozulması hallarına toxunulub, pauzanın nitqdəki rolu və məqsədi izah edilib. Qeyd olunub ki, pauza fikrin vurğulanması üçün əhəmiyyətlidir, lakin yersiz istifadə edildikdə nitqin axıcılığını poza bilər.
Təlimçi Hüseynova mediada bəzi sözlərin yanlış işlədildiyini də qeyd edib. O bildirib ki, “mümkünsüz” sözü əvəzinə “çətin”, “müşkül” və ya “qeyri-mümkün” kimi ifadələrin istifadəsi daha məqsədəuyğundur və nitqin zənginliyinə xidmət edir. Həmçinin “sizlər”, “bizlər” kimi sözlərin sonradan dilə daxil olduğu vurğulanıb və “siz” və “biz” sözlərinin artıq cəmlik mənası daşıdığı bildirilib.

Təlim zamanı gündəlik danışıqda tez-tez rast gəlinən yanlış ifadələrə də diqqət yetirilib. Qeyd olunub ki, “erkək qoyun” ifadəsi düzgün hesab edilmir və bu anlayış “qoç” sözü ilə ifadə olunur. Bu cür səhvlərin yaranması dil biliklərinin yetərsizliyi ilə əlaqələndirilib.
X.Hüseynova televiziya dilində geniş yayılmış parazit ifadələrə də toxunub. O, “keçid edək”, “keçid alaq” kimi ifadələrin əvəzinə sadə və ədəbi formada “keçək” felinin işlədilməsinin daha doğru olduğunu bildirib. Bundan əlavə, bədən dilinin jurnalist üçün əhəmiyyətindən danışaraq, jestlərin ölçülü və yerində istifadəsinin vacibliyini qeyd edib.
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev isə “Media dili: səhvlər, vərdişlər və məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib.

Təlim zamanı dilin inkişafı, xüsusilə terminlər və beynəlxalq sözlər mövzusu ətrafında geniş müzakirələr aparılıb. Fikrət Şiriyev dillərin inkişafının çox vaxt başqa dillərdən alınan sözlərlə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan dilində alınma sözlərin payı təxminən 60 faizə çatıb, son 30 ildə isə əsasən Avropa dillərindən çoxsaylı sözlər dilimizə daxil edilib.
Dosent, eyni zamanda, dilin inkişafına təsir göstərən digər amillərə də toxunub, latın dilinin tarixən elmi, dini və hüquqi sahələrdə geniş yayılmış əsas dillərdən biri olduğunu vurğulayıb. O, alınma sözlərin ana dilinə mütləq şəkildə mənfi təsir göstərməsi ilə bağlı fikirlərin doğru olmadığını da bildirib.
Təlimin sonunda iştirakçılar media dilində normativ qaydalara əməl olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Onlar bu cür maarifləndirici təlimlərin peşəkar nitqin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Səidə Abasova
