24media.az saytının növbəti qonağı Azərbaycan kino və televiziya sahəsinin dəyərli aktyoru Səmimi Fərhaddır. O, 1980-ci ildə Laçın rayonunda anadan olub və gənc yaşlarından aktyorluğa maraq göstərib.

Səmimi Fərhadın yaradıcılığı obrazlara verdiyi təbii həyat nəfəsi və peşəkarlığı ilə seçilir. Onun filmoqrafiyasından “Körpü”, “Nar bağı” və “Dağıntılar altında” kimi layihələr tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmiş, obrazları izləyicilərin yaddaşında dərin iz buraxmışdır. Bu müsahibəmizdə, Səmimi müəllim ilə kino sənayesindəki problemlər, aktyorların iş şəraiti və qonorar məsələləri barədə maraqlı söhbət etdik:
-Siz rol aldığınız zaman obrazı öz xarakterinizlə necə uyğunlaşdırırsınız?
Obrazı öz xarakterimlə uyğunlaşdıra bilmirəm. Öz xarakterimi tamam kənara qoymasam, heç nə alınmaz. Sadəcə ağ kağız. Hə, olub müəyyən qədər ki, mən olsam necə reaksiya verərdim? Ancaq hər bir halda, ümumiyyətlə, biz özümüzü oynamamalıyıq. Özümüz öz həyatımızın qəhrəmanıyıq. Bu bizə kifayətdir!
-Filmlərdə canlandırdığınız obrazlar real həyat təcrübələrinizə təsir edib?
Bilirsiniz, aktyor həmişə müşahidədə olur. Və təcrübə də o müşahidədən doğur. Nə qədər yaxşı aktyor olursan ol, IQ səviyyəndən çox şey asılıdır. Özünü inkişaf etdirməyin də ona bağlıdır. Hamısı ona bağlıdır. Oxumamış aktyorlar var, savadsız aktyorlar var. Fəhmdir o, ilahi vergidir. Ancaq bilirsiniz necədir, o öz qabı qədər çıxış edə biləcək, ondan artıq yox. Ancaq onun dünya görüşü varsa, müəyyən qədər mütaliəsi, savadı varsa, o, istedad ilə onu birləşdirdikdən sonra yaxşı bir iş ortaya çıxardacaq.
-Hansı rolu canlandırmaq sizə böyük çətinlik yaradıb?
Olub elə rol. Elə Emil Quliyevin “Körpü” serialında, oxudum ssenarini, dedim: “Ay, Emil, sən mənim karyeram ilə oynamaq istəyirsən?!”. Yanaşma tərzini bilmirdim deyə adamın, bilmədim necə yanaşacaq. Çünki mən oxuyurdum, dedi: “İnan da mənə, inan işləyək”. Doğurdan da, inandım, amma bir şey var. Heç nə etməməyə qərar verdim, düz oynadım. Yəni əlavə improvizələr falan, heç nə etmədim. Və sonra çox sevdim. Bəzən görürsünüz ki, adam yanılır. O qədər elə filmlər olub ki, imtina etmişəm. İnanmamışam, düşünmüşəm ki, bəlkə də, başqa aktyor bunu alındırar, mən də alınmaz. Sonra gördüm ki, imtina etməmək lazımdır, işləmək lazımdır.
-Gələcəkdə hansı tip obrazlar cəlb edir sizi, arzusunda olduğun obraz var mı?
Gələcəkdə arzusunda olduğum bir obraz yoxdur. Qətiyyən yoxdur. Uşaqlığımda, gəncliyimdə olub, kefli İskəndəri oynamaq istəmişəm. Oynayaram, sadəcə, ümumi işin bədii həlli tapılmadıqda, sən nə edirsən et, xeyri yoxdur. İndinin özündə də, məcbur olub getdiyimiz işlər var. Bilirsiniz necə, mənim üçün gedib haradasa tamadalıq etmək ayıb olar. Ancaq hansısa bir keyfiyyətsiz seriala çəkilmək mənim üçün o qədər başalçaqlığı deyil. Çünki aktyor ansamblına baxıb gedirəm. Məndən böyüklər var orada.
-Azərbaycan kinosunun gələcəyini necə görürsünüz?
Çox gözəl görürəm. Baxın, mən nə siyasətçi deyiləm, heç inanırsınız, siyasi mövqeyim də yoxdur. Özüm də ki, nə yalan deyim, atam könüllülərdən olub, Laçın rayonunda Xalq Cəbhəsinin qurucularından olub. Mən ölkəmi də sevirəm, mən bugünkü hakimiyyətimi də sevirəm, 30 illik Qarabağı geri qaytaran hakimiyyətimi. Ondan əlavə, bu günlərdə, Azərbaycan — balaca bir ölkə, dünyaya səs salmışıq. Olimpiadada, futbolumuzda son vaxtlar müəyyən uğurlarımız var. Bircə kino sahəsindən narazıyam. Baxın, ölkə olaraq görün, biz nə gözəl ölkədə yaşayırıq. Çox yox, bir az maddi rifahımız düzəlsə, bizim ölkədən o tərəfə ölkə yoxdur. Asayişimiz yerində, tikinti-quruculuq, abadlıq.
-Sizcə, yerli aktyorların beynəlxalq səhnədə görünməsi üçün nə etmək lazımdır?
Bunun üçün prodüserlər olmalıdır, agentlər olmalıdır. Onlar işləməlidirlər. Onlar dünya bazarı ilə mütəmadi əlaqədə olmalıdılar. Maraqlar qoymalıdırlar onlara ki, Azərbaycan kinosənayəsi üçün gözəl və əlverişli yerdir. Kəndi, kəsəyi, dağı, meşəsi, şəlaləsi, dənizi, qumsalı var. Hər şeyi var. Və ucuzdur digər ölkələrə baxanda. İstər aktyora verilən pul, istər də texnikaya verilən pul. Yəni hər bir halda, onların marağını cəlb edə bilərik. Baxın, Yaponlar gəldi, burada Netflix üçün film çəkdi. Mən gününə 1000 manat pul istədim, hansı ki, onlar üçün bu pul heçnədir. Mənə cast agentliyi nə qədər yalvardı ki, bir az endirim edim. Yaxşı ki, etməmişəm. Sonra eşitdim ki, adambaşı 350 manatdan pul verirlər. O işdə ki, bizimkilər var, o mümkünsüz məsələdir. Mənim orada çəkildiyim “Konstantinopol” proyektini, onlar gəlib Azərbaycanda da çəkdilər. Mən oradakı vəziyyəti bilirəm, aktyora qarşı münasibəti, verilən qonorarı, hər şeyi. Burada çəkiləndə gördüm ki, bizimki bizim özümüzə dəyər vermir, onlar niyə bizə dəyər versin ki? Mən gedirəm, əziyyətin çəkirəm, o məndən çox qazanır. Niyə axı? Ona görə deyirəm ki, ölkədən o qədər razıyam, hərtərəfli razıyam, bircə kino sahəsi. Ancaq, ümidvaram ki, düzələcək, belə qalmayacaq.
Səmimi Fərhadın sözlərinə əsasən, kino yalnız ekranda görünən obrazlardan ibarət deyil, hər aktyor öz səyləri, istedadı və bacarığı ilə sənətə həyat verir.
Fidan Şahbazlı
