ABŞ alimləri kağız kimi nazik, simsiz və yüksək sürətli yeni beyin implantını təqdim ediblər. 65 min elektrodu olan bu çip beyinlə süni intellekt (Sİ) arasında yüksək ötürməli “portal” yaradır və epilepsiya, iflic, görmə itkisi kimi xəstəliklərin müalicəsində inqilabi imkanlar açır.

Columbia, Stanford və digər ABŞ universitetlərinin tədqiqatçıları insan - Sİ əlaqəsini dəyişə biləcək yeni beyin implantı hazırlayıblar. BISC adlanan cihaz 50 mikrometr qalınlığında tək bir silikon çipdir və beynin səthinə minimal müdaxilə ilə yerləşdirilir.
"Nature Electronics"də dərc olunan araşdırmada bildirilir ki, BISC beynin niyyət, hiss və hərəkət siqnallarını daha dəqiq oxuya və stimullaşdıra bilir. İlk insan sınaqları artıq başlayıb. Columbia Universitetinin neyrocərrahı Brett Youngerman bunu epilepsiya və iflic kimi xəstəliklərin idarəsində “potensial dönüş nöqtəsi” adlandırır.
Layihə DARPA tərəfindən dəstəklənib və artıq kommersiyalaşdırılması üçün Kampto Neuroteç adlı startap fəaliyyətə başlayıb. Mütəxəssislər texnologiyanın gələcəkdə beynin maşınlarla birbaşa və fasiləsiz əlaqəsinə yol aça biləcəyini bildirirlər.
Mənbə: Sci Tech Daily
Tərcümə etdi: Nərmin Məmmədzadə
