Bu gün:

Səs maksimum hansı sürətlə hərəkət edə bilər?


Səs sürəti deyəndə, adətən, səsin havadakı sürətindən danışırıq. Əslində, səs müxtəlif mühitlərdə müxtəlif sürətlə yayılır.

Mənbə titrəyərkən ətraf mühiti təşkil edən hissəciklərin də titrəməsinə səbəb olur. Bu vibrasiya qonşu hissəciklərə ötürülür. Mexanik dalğa olan səs bu şəkildə yayılır. Səs dalğaları yayıldıqda maddə deyil, enerji ötürülür. Bu səbəbdən səsin yayılma sürəti yayıldığı mühitin sıxlığına, yəni mühiti təşkil edən hissəciklərin bir-birinə nə qədər sıx bağlanmasına görə dəyişir. Buna görə də səs havada saatda 1192 kilometr sürətlə hərəkət etdiyi halda, məlum olan ən sərt təbii material olan almazda saniyədə 12 kilometr və ya saatda 43200 kilometr sürətlə hərəkət edir.

Bu yaxınlarda alimlər səsin çata biləcəyi maksimum sürəti nəzəri olaraq hesabladılar. Buna uyğun olaraq səsin çata biləcəyi maksimal sürət saniyədə 36 kilometr və ya saatda 129.600 kilometrdir.

Alimlər səsin çata biləcəyi maksimum sürəti hesablayarkən “incə struktur sabiti” adlı sabitdən və proton kütləsinin elektron kütləsinə nisbətindən istifadə ediblər. Bərk atom hidrogenində səsin sürətinin nəzəri hesablamalarla əldə edilən maksimum sürətə yaxın olduğu müəyyən edilmişdir.

Bərk atom hidrogen son dərəcə sıx bir maddədir və super keçiricilik nümayiş etdirə bilər. Çox yüksək təzyiqlərdə əmələ gələ bilən bərk atom hidrogeninin Yupiter kimi qaz nəhəng planetlərinin nüvələrində olduğu düşünülür.

Mənbə: Bilim Genç Tübitak

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et