Minlərlə abituriyentin arzusu olan o məkan – Bakı Dövlət Universiteti. Bura sadəcə təhsil ocağı deyil, həmçinin minlərlə insanın həyatının ən dəyərli hissəsidir. "Harada təhsil alırsan?" sualının cavabında "Bakı Dövlət Universiteti" deyəndə gələn o qürurverici hissi kəlimələrlə ifadə etmək çox çətindir. Çünki o təkcə universitetin adı deyil, illərlə çəkilmiş əziyyətin simvoludur. Hər daşında saysız-hesabsız xatirələr gizlənən bu məkanın zəngin və şərəfli tarixi mövcuddur. Tarixi cəhətdən zəngin, eyni zamanda, şərəfli sayılan Bakı Dövlət Universiteti haqqında universitetin müəllimləri öz fikirlərini 24media.az saytı ilə bölüşüblər.
- Bakı Dövlət Universitetinin təhsil və elm sahəsindəki rolu nədən ibarətdir?

Bakı Dövlət Universiteti (BDU) hər üç müsahib tərəfindən Azərbaycanın ali təhsil sisteminin flaqmanı, bayraqdarı və ən prestijli ocağı kimi xarakterizə olunur. Onun ölkənin təhsil və elm sahəsindəki rolu həm tarixi əhəmiyyəti, həm də davamlı inkişafı ilə izah edilir.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli universitetin həm tarixini, həm də indiki fəaliyyətini vurğulayaraq qeyd edir:

“Bakı Dövlət Universiteti ölkənin bir nömrəli universitetidir. Bu təkcə onun tarixindən irəli gəlmir. Ümumilikdə elm və təhsil sahəsindəki fəaliyyəti ilə də hər zaman yüksək səviyyəli bir universitet olub. Bu gün də həmin səviyyəsini qoruyur və inkişaf etdirir. Buna görə də bu universitet təkcə burada çalışanlar üçün deyil, bütövlükdə xalqımız üçün müqəddəs bir ocaqdır".
Jurnalistika fakültəsinin dekan müavini Samir Xalid oğlu Bakı Dövlət Universitetinin digər universitetlərin formalaşmasındakı müstəsna rolunu xüsusi qeyd edir:

“Bakı Dövlət Universiteti ali təhsilimizin flaqmanıdır, bayraqdarıdır. 1919-cu ildə qurulan bu universitet ölkəmizdə ilk ali təhsil müəssisəsidir. Əksər universitetlər məhz BDU-nun əsasında yaradılıb. Çünki Tibb Universiteti olsun, digər universitetlər olsun, onlar hamısı Bakı Dövlət Universitetinin müəyyən fakültələrinin genişləndirilmiş forması kimi sonradan müstəqil şəkildə fəaliyyətə başlayıblar".
O, əlavə edir ki, BDU bu bayraqdar adını təkcə tarixi baxımdan deyil, həm də əməli fəaliyyətlə təsdiqləyir: “Ölkəmizdə təhsil sahəsində əksər layihələr məhz əvvəlcə bu universitetdə sınanıb, təcrübədən keçirilib, sonradan ümumi istifadəyə qəbul olunub. Misal olaraq, Boloniya sistemini qeyd edə bilərik”.
Mexanika-riyaziyyat fakültəsinin müəllimi Səbuhi Abdullayev isə universitetin elm və kadr hazırlığındakı müasir nailiyyətlərinə diqqət çəkir:

Səbuhi Abdullayev akademik cəhətdən narahatlığını ifadə edir və tələbələrdən dərslərə daha çox diqqət yetirməyi tələb edir:
“Tələbələrimizdə son zamanlarda təhsil baxımından müəllim olaraq narazılıqlarımız var və bunların da əsas səbəbi bundan ibarətdir ki, təhsilə diqqət biraz azalıb. Mən çox istərdim ki, tələbələrimiz dərsə diqqəti daha da artırsınlar. Mən həm çıxışlarımda, həm onlarla fərdi söhbət aparan zaman bildirirəm ki, dərsi, tədrisi öyrənmək sizin birbaşa vəzifə borcunuzdur. Özünüzün üzərinizdə çalışmağınız isə sizə əlavə üstünlüklər gətirir ki, gələcək iş həyatınızda böyük addımlar ata biləsiniz. Buna görə mütləq şəkildə ixtisası yaxşı şəkildə öyrənmək lazımdır".
Cahangir Məmmədli gəncliklə bağlı fikirlərin heç vaxt bitməyən bir mövzu olduğunu vurğulayaraq müasir tələbələrin çevikliyi və texnologiya ilə bacarığını yüksək qiymətləndirir:
“Ümumiyyətlə, belə bir məsələ var - “atalar və oğullar problemi”. Bu, heç vaxt bitməyən bir mövzudur, çünki hər zaman atalar da olur, oğullar da. Bu günün gənc nəsli isə daha çevikdir, yeni texnologiyaları yaxşı bilir və onlarla işləməyi bacarır. Bizim dövrdə qəzetdə bir yazını çap etdirmək üçün 10 gün çalışırdıq, amma bu gün tələbələr cəmi 10 dəqiqəyə Facebookda paylaşır, bütün Azərbaycanda yayılır. Amma bir məsələ məni narahat edir - tələbələrdə kitab sevgisi azalıb. Halbuki kitab müqəddəsdir. Xəbər bir anlıqdı, amma informasiya kitabdan gəlir. Ona görə də tələbələrə demək istəyirəm: hər şey gözəldir, amma kitab sevgisini itirməyin".
Samir Xalid oğlu isə yeni gələn tələbələrin həvəsli olmasından müsbət danışaraq onlara tələbəlik illərini səmərəli istifadə etməyi tövsiyə edir:
“Hazırki tələbələr, konkret olaraq da builki tələbələr şəxsən mənə həvəsli görünürlər... Onlarla söhbətlər, keçirilən görüşlər və tədbirlər məndə belə bir qənaət formalaşdırıb ki, tələbələrimiz oxumağa maraqlıdırlar. Bütün tələbələrimizdən, ilk növbədə oxumağa, öyrənməyə həvəs istəyərəm. Hələ ki, həyat sizi “məngənə”yə tam salmayıb və sizə müəyyən fürsətlər verib, istifadə edin. Universitetdə, fakültədə yaradılan şəraitdən, tədbir, təlim və ustad dərslərindən nəsə öyrənməyə çalışın. Fakültəyə dəvət olunan mütəxəssislərdən mütləq qaydada faydalanın. Əlavə olaraq, tələbələrimizə tövsiyəm budur ki, seçdikləri ixtisasa sevgi ilə yanaşsınlar. Əgər belə olarsa, uğur onları daim izləyəcək".
- Bakı Dövlət Universitetini bir sözlə və ya cümlə ilə ifadə etsəniz, nə olardı?
Müsahiblərin Bakı Dövlət Universitetinə olan münasibəti universitetin sadəcə bir təhsil müəssisəsi yox, həm də mənəvi dəyər daşıyan bir məkan olduğunu göstərən qısa və emosional ifadələrdə öz əksini tapır.
Samir Xalid oğlu BDU-nu öz həyatının ayrılmaz bir hissəsi kimi görür və universitetə olan bağlılığını belə ifadə edir:
“Bakı Dövlət Universiteti mənim ikinci evimdir. Artıq 26 ildir ki, universitet həyatımın bir parçasıdır. Mən fəxr edirəm ki, bu universitetin tələbəsi olmuşam, hazırda da əməkdaşıyam".
Səbuhi Abdullayev isə BDU-nun ümummilli əhəmiyyətinə diqqət çəkən tarixi bir sitatla fikrini yekunlaşdırır:
“Ulu öndərimiz Heydər Əliyev bildirmişdir ki, "Bakı Dövlət Universiteti Azərbaycan xalqının sərvətidir". Bu şüarın altında biz müəllimlər böyük həvəslə, fəxrlə çalışırıq və müəllim olmağımızla qürur duyuruq".
Cahangir Məmmədli isə universitetə olan dərin sevgisini və aidiyyət hissini bir neçə sözlə ifadə edir:
“'Müqəddəs məkan. Mən elə bilirəm ki, burada doğulmuşam və buradan da o dünyaya köçəcəyəm".
Səidə Əsədli
