Bu gün:

Mükəmməlliyyətçilik: ailədən başlayıb yetkinlikdə çətinliyə çevrilən psixoloji təmayül


Hər birimizin həyatında elə anlar olur ki, sanki nəfəsimiz çatmır, hər şeyi düzgün etmək, heç bir səhvə yol verməmək və başqalarının gözündə “qüsursuz” görünmək istəyirik. Bir tərəfdən bu, inkişaf motivasiyası kimi görünür, digər tərəfdən isə insanın içində dərin narahatlıq və gərginlik yaradır. Bu vəziyyətin adı çoxlarına tanışdır: mükəmməlliyyətçilik.

Mövzu ilə bağlı suallarımızı psixoloq Gülnar Orucova cavablandırıb.

– Mükəmməlliyyətçiliyin başlanğıcı hardan gəlir? Bu xüsusiyyət sonradan yaranır, yoxsa uşaqlıqdan formalaşır?

İlk olaraq qeyd edim ki, mükəmməlliyyətçilik təsadüfən yaranmır. Onu uşağın dünyasına yavaş-yavaş valideyn davranışları yerləşdirir. Bəzən bir baxış, bəzən ‘niyə düzgün etmədin?’ sualı, bəzən də sevginin şərtli verilməsi illərlə insanın içində ‘mükəmməl olmalısan’ mesajına çevrilir.

Bu xüsusiyyətin formalaşmasında avtoritar, hədsiz qoruyucu, liberal və mükəmməlliyyətçi ailə modelləri mühüm rol oynayır. Fərqli yanaşmalar olsa da, hamısı uşağı eyni nəticəyə aparır: qüsursuzluq təzyiqinə.

Belə ailələrdə səhvə yer verilmir, hər şey ideal görünməlidir. Uşaq böyüdükcə səhvi kiçik bir ‘error’ kimi yox, böyük bir faciə kimi qəbul etməyə başlayır. Nəticədə isə yetkin yaşda ən xırda uğursuzluq belə insanın özünə qarşı düşmənə çevrilməsinə səbəb olur.

– Sağlam mükəmməlliyyətçiliklə toksik mükəmməlliyyətçilik arasında fərq nədən ibarətdir?

Bu iki anlayış arasında çox incə, amma olduqca vacib bir xətt var. Sağlam mükəmməlliyyətçilik insana motivasiya verir. İnsan səhvlərini görür, amma onları özünə qarşı ittiham kimi yox, inkişaf üçün fürsət kimi qəbul edir.

Toksik mükəmməlliyyətçilikdə isə vəziyyət tam fərqlidir. Şəxs yalnız idealı qəbul edir və beynində bir fikir formalaşır: ‘Ya hər şey ideal olsun, ya heç olmasın’. 

Belə halda insan özünə qarşı həddindən artıq tələbkar olur, davamlı daxili gərginlik yaşayır, kiçik bir uğursuzluğa görə özünü günahlandırır, depressiv əhvali-ruhiyyəyə düşə bilir. Üstəlik, əldə etdiyi heç bir nəticə ona ‘kifayət qədər yaxşı’ görünmür.

Toksik mükəmməlliyyətçilikdə insan sanki özünün ən sərt tənqidçisinə çevrilir və bu, onu həm emosional, həm də psixoloji olaraq ciddi şəkildə yora bilir.

– Bəs insan bu yükü necə azalda bilər? Toksik mükəmməlliyyətçilikdən çıxmaq üçün hansı üsullar daha təsirlidir?

Mükəmməlliyyətçilikdən çıxış üçün insan ilk növbədə öz daxilində gizlənən qorxu ilə üzləşməlidir. Bu səbəbdən empati məşqi ən effektiv üsullardan biridir. İnsan özünə belə suallar verir:

– ‘Niyə mükəmməl olmağa çalışıram?’

– ‘Niyə səhv etmək məni narahat edir?’

– ‘Səhv etsəm ən pis nə baş verəcək?’

Bu suallar bir növ beynin qaranlıq tərəflərinə işıq salır və insan ilk dəfə öz qorxusunu aydın şəkildə görür.

Digər üsullar da mövcuddur. Məsələn, vaxt limiti qoymaq. Bəzən insan işi bitirmir, sadəcə yenidən düzəltməyə davam edir. Vaxt limiti qoyulduqda ‘burda dayanmalıyam’ hissi formalaşır.

Bir də bal sistemi var. İnsan gördüyü işi özü qiymətləndirir. Bu da özünə qarşı münasibəti yumşaldır və ‘mən mükəmməl olmağa borclu deyiləm’ düşüncəsini gücləndirir.

Və ən önəmlisi, səhvləri təcrübə kimi qəbul etməkdir.

‘Bəli, bu səhvdir, amma bu mənim yolumun bir hissəsidir’ deyə bilmək daxili təzyiqi azaldır. Bu addım çətin olsa da, mükəmməlliyyətçilikdən qurtulmağın əsas yoludur.

Əslində mükəmməlliyyətçilik çox insanın düşündüyü kimi güc və iradə göstəricisi deyil. Əksinə, daxildəki bir qorxunun, bir narahatlığın illərlə formalaşmış nəticəsidir. İnsan səhvlərini qəbul etməyi öyrənəndə, onlardan qaçmamaq üçün özünə icazə verəndə həm psixoloji yük azalır, həm də həyat daha yüngül görünməyə başlayır.

Məncə, hər bir insan anlamalıdır ki, mükəmməl olmaq tələbi bizi daha yaxşı etmir, yalnız yorur. İnkişaf isə səhvlərin içindən keçir. Səhv etmək insanı dəyərsiz etmir, əksinə öyrədir, formalaşdırır və gücləndirir.

Əgər biz səhvlərimizdən utanmaq əvəzinə onları həyat yolumuzun bir hissəsi kimi qəbul etsək, nə özümüzə, nə də başqalarına ağır tələblər qoyarıq. Bu da həm daxili rahatlıq, həm də daha sağlam düşüncə üçün ən vacib addımdır.

Nazrin Humbat

Paylaş
Şərh əlavə et