Kolumbiya və McGill universitetlərinin alimləri uşaqlıq travması ilə depressiya arasındakı sirli bağın izinə düşərək, SGK1 adlı bir beyin kimyəvi maddəsinin bu əlaqənin mərkəzində dayandığını aşkarlayıblar - elə bir maddə ki, uşaqlıqda yaşanan ağrıların izini beyində daşıyaraq insanı qaranlıq düşüncələrə, hətta intihar meyillərinə doğru itələyə bilir.

Tədqiqatçılar müəyyən ediblər ki, SGK1 adlı stresslə əlaqəli bu zülalın səviyyəsi uşaqlıqda çətinlik, laqeydlik və ya zorakılıq yaşamış insanlarda daha yüksək olur və bu da depressiyanın dərinləşməsinə səbəb olur. Bu kəşf SGK1-in fəaliyyətini dayandıran və xüsusilə keçmişində yara izləri gəzdirən insanlar üçün daha təsirli ola biləcək yeni bir antidepresan növünün yaranmasına ümid qapısı açır.
Araşdırmalar göstərir ki, ABŞ-də böyük depressiya diaqnozu qoyulan insanların təxminən 60%-i, həmçinin intihara cəhd edənlərin üçdə ikisi uşaqlıqda hər hansı bir travma və ya mənəvi zərbə yaşayıb.
Bu kəşf elə bil bizə pıçıldayır: insan bədəni unuda bilər, amma beyin, xüsusilə də onun kimyəvi dili uşaqlığın səssiz fəryadlarını heç vaxt tam susdura bilmir.
Mənbə: Science Daily
Tərcümə etdi: Emiliya Vəlicanova
