Birdən çox dildə danışan insanlar tez-tez səs tonlarının dillərə görə dəyişdiyini hiss edirlər. Məsələn, ingilis dilində ton daha yüksək, fransızcada yumşaq, ispan dilində isə canlı olur. Dilçilərin fikrincə, bu təsadüfi deyil — hər dil bədənimizi, beynimizi və şəxsiyyətimizi fərqli şəkildə formalaşdırır.

Braziliyalı professor Ana Paula Engelbert bunu aktyorluğa bənzədir: “Danışdığımız dilin mədəni xüsusiyyətlərini mənimsəyirik və həmin dildə özümüzün başqa versiyasını yaradırıq”. Onun araşdırması göstərib ki, dillər arasında səs fərqləri real və ölçülə biləndir. Məsələn, alman dili daha sərt, fransız dili isə daha yumşaq səslənir.
Səsimiz biologiya, mədəniyyət və kontekstdən asılıdır. Həyəcan, emosiyalar, danışdığımız mühit və məqsəd səs tonumuzu dəyişir. Engelbertin araşdırmasında braziliyalılar portuqal dilində daha yumşaq, ingiliscə isə daha dərin və qətiyyətli səslə danışırdılar. Dinləyicilər bu fərqləri açıq şəkildə hiss ediblər.
İkidillilərdə belə səs dəyişiklikləri müşahidə olunur. Lakin bir dili nə qədər çox və təbii kontekstdə istifadə etsək, bu fərqlər bir o qədər azalır.
Dil öyrənmək yalnız qrammatika və sözlərdən ibarət deyil. Filmlərə baxmaq, musiqi dinləmək və doğma danışanlarla ünsiyyət qurmaq dilin ritmini və səsini mənimsəməyə kömək edir. Loqoped Renata Azevedo deyir: “Ləhcə və tələffüz şəxsiyyətin bir hissəsidir — bu, insanın keçmişini və hekayəsini daşıyır”.
Mənbə: BBC News
Tərcümə etdi: Asiya Zeynallı
