Bu gün:

Kitablara olan maraq azalır


Müasir dövrdə uşaqlar artıq bir-birlərinə oxuduqları kitabları deyil, ekranlarda oynadıqları oyunları danışmağı üstün tuturlar. Kitab oxumaq tədricən gündəlik həyatın ayrılmaz bir hissəsi olmaqdan çıxaraq sadəcə bir seçimə çevrilib. Bu dəyişiklik uşaqların düşüncə tərzinə, yaradıcılıq qabiliyyətinə və dil inkişafına mənfi təsir göstərir.

Rəqəmsal dünyanın təqdim etdiyi rəngarəng və dinamik məzmunlar kitabları kölgədə qoyur. Sosial media platformalarında saniyələr içində istehlak edilən videolar uşaqlarda səbir və diqqət kimi bacarıqları zəiflədir. Ailədə oxu mədəniyyətinin formalaşmaması da problemi dərinləşdirir, çünki uşaqlar ən çox valideynlərin davranışlarını təqlid edirlər.

Oxuma vərdişini formalaşdırmaq üçün valideynlər uşaqlarla birgə kitab oxumağa zaman ayırmalıdır. Evdə uşaqların asanlıqla çatacağı kitablar və oxu guşəsi yaratmaq motivasiyanı artırır. Ən əsası  kitab uşaqlara məcburi bir vəzifə kimi deyil, maraqlı və öyrədici bir səyahət kimi təqdim edilməlidir.                                                                                                   

Mənbə: TRT HABER                                                                          

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et