24Media.az-ın budəfəki qonağı səhiyyə eksperti Rasif Bağırovdur. O, texnologiya və tibbdəki inkişafların insan ömrünün süni şəkildə uzadılmasına təsiri ilə bağlı suallarımızı cavablandırıb.
– İnsan ömrünün süni şəkildə uzadılması əslində nə dərəcədə mümkündür?
Əslində mən “insan ömrü süni şəkildə uzadılır” deməzdim. Bu, tam olaraq düzgün ifadə deyil. Əksinə, müasir sivilizasiyanın inkişafı bir çox hallarda insan ömrünü qısaldır. Bəzi ölkələrdə bu hal daha aydın müşahidə olunur. Texnologiyanın məqsədi insanın ömrünü artırmaq deyil, vaxtından əvvəl ölümə səbəb olan faktorları aradan qaldırmaqdır. Yəni insana nə qədər ömür verilibsə, texnologiyanın və tibbi inkişafların əsas rolu bu ömrü mümkün qədər tam və sağlam yaşamasına şərait yaratmaqdır.
– 120–130 yaşa qədər yaşamaqla bağlı fikirlər nə dərəcədə realdır?
İnsan ömrünü 120–130 il kimi təqdim etmək düzgün deyil. Bu yaşa çatan insanlar çox nadir hallarda olur. Məsələn, Yaponiya və ya bəzi Avropa ölkələrində 100 yaşı keçən insanlara rast gəlinir, amma 120–130 yaş çox az hallarda müşahidə olunur. Bu ölkələrdə uzunömürlülüyün bir neçə səbəbi var.
İlk növbədə, yaş artdıqca orqanizmin bəzi maddələrə tələbatı dəyişir. Xarici ölkələrdə bu çatışmazlıq bioloji aktiv əlavələr vasitəsilə aradan qaldırılır. Bu əlavələr apteklərdə deyil, adi marketlərdə satılır və “40+”, “50+”, “60+” kimi yaş qruplarına uyğun şəkildə hazırlanır. Həkimlər bu yaşlarda orqanizmdə hansı maddələrin çatmadığını müəyyən edir və uyğun əlavələr təyin olunur. İnsanlar reseptsiz şəkildə bu əlavələri alır, nəticədə orqanizmdə çatışmayan vitamin və minerallar tamamlanır və orqanlar normal fəaliyyətini davam etdirir. Bu da yaşlanma prosesini ləngidir.
Sadə desək, uzun müddət istifadə olunan avtomobilin müəyyən hissələri vaxtında dəyişdirilərsə, avtomobil daha uzun müddət problemsiz işləyir. İnsan orqanizmi də bu prinsipə bənzəyir.
– Texnologiyanın insan ömrünün uzanmasına təsir edən digər mexanizmləri hansılardır?
Texnologiya vaxtından əvvəl ölümə səbəb olan xəstəliklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır. Hazırda bir sıra ölümcül xəstəliklərə qarşı yeni və effektiv dərmanlar hazırlanır. Bu dərmanlar da insan ömrünün uzanmasına mühüm təsir göstərir.
Əslində texnologiya insan ömrünü süni şəkildə artırmır. O, sadəcə olaraq insana təbii olaraq verilmiş ömrü daha tam və sağlam yaşamağa şərait yaradır. Normal şəraitdə insan 140–150 il yaşaya bilərdi. Lakin bir çox ölkələrdə bu rəqəm 60–70 ildir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 80–90, bəzi hallarda isə 100 ilədək yüksəlir.
– Bu prosesdə dövlətin səhiyyə siyasətinin rolu nədən ibarətdir?
Bu məsələdə dövlətin səhiyyə siyasəti əsas rol oynayır. Xarici ölkələrdə sağlam həyat proqramları yüksək səviyyədə həyata keçirilir, əhaliyə geniş imkanlar yaradılır. Bizdə isə bəzi bioloji aktiv maddələrin ölkəyə idxalına məhdudiyyətlər qoyulur. Nəticədə insanların orqanizmində çatışmayan maddələr bərpa edilmir və bu da ömrün qısalmasına gətirib çıxarır. Yəni texnologiya və tibbi imkanlar kifayət qədər genişdir, əsas məsələ onlardan necə və nə qədər səmərəli istifadə edilməsidir.
İnsan ömrünün uzadılması məsələsi sadəcə texnoloji və tibbi deyil, həm də sosial və dövlət siyasəti ilə bağlı kompleks bir prosesdir.
Mina Yadigarlı
