“Azərbaycanda dövlət qurumlarında, özəl sektorlarda süni intellekt texnologiyasından istifadə tam formalaşmayıb. Çox zaman süni intellektli yerli məhsul tapa bilmirik”, - bu sözləri 24media.az-a müsahibəsində informasiya təhlükəsizliyi üzrə mütəxəssis Elvin Abbasov deyib.
Son günlər süni intellekt texnologiyası Azərbaycanın sosial şəbəkə seqmentində müzakirə edilir. Sosial şəbəkə istifadəçiləri arasında bu texnologiyanın ölkədə inkişaf etmədiyini deyənlər də var, tam tərsini düşünənlər də. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Elvin Abbasov qeyd edib ki, Azərbaycanda bəzi qurumlar ölkədə bu sahə ilə bağlı inkişaf siyasəti proqramının qurulması üçün müəyyən öhdəliklər götürmüşdü, lakin nəticələr hələ ki görünmür.

"Həmçinin özəl sektorda süni intellektlə fəaliyyət göstərildiyinə dair bir neçə şirkətin adı qeyd edilsə də, ancaq ortaya çıxan məhsul tam olaraq yoxdur. Biz sadəcə “Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos)” peyk təsvirlərinin, kəsmə işləri kimi proseslərdə süni intellektdən istifadə olunduğu barədə məlumatlarımız var. Amma süni intellektdən nə qədər və hansı şəkildə istifadə edilməsi barəsində tam məlumatlı deyilik. Hal-hazırda ölkəmizdə heç bir dövlət portalında, özəl sistemlərdə, bazara çıxarılan məhsullarda süni intellektə rast gəlmirik. Sadəcə bir neçə özəl şirkətlərdə süni intellektin mövcudluğuna dair məlumatlar əldə etmişik. Məsələn, "Dilmanc" adlı proqram var ki, bu proqramlarda səsi yazıya çevirmək üçün süni intellektdən istifadə olunur. Onun da miqyası, miqdarı, tam olaraq necə istifadə edildiyi haqqında bir informasiya yoxdur.Tam olaraq qeyd edə bilmirik ki, Azərbaycanda hansı şirkət və yaxud da dövlət qurumlarının yaratdığı proqram təminatlarında süni intellektdən istifadə edilir. Süni intellekt sahəsi hələ ki ölkəmizdə biz istədiyimiz səviyyədə inkişaf etməyib", deyə Elvin Abbaslı söyləyib.
Ekspert bu texnologiyanın öyrənilməsi üçün təhsilin də əhəmiyyət kəsb etdiyini deyib:
"Təbii ki, bu sahə ilə bağlı iddialı təhsil məkanları da mövcuddur. Ancaq həmin təhsil məkanlarının yetişdirdiyi insan resurslarından və ya ortaya çıxan süni intellekt məhsulu yoxdur. Çünki təhsil məkanları xarici süni intellekt kitabxanalarından hər hansı bir servis alıb, onlara bənzər bir işi test edirlər. Bu o demək deyil ki, Azərbaycanda süni intellektlə bağlı inkişaf var. Əgər onlar bir sistemin oxşarını hələ yarada bilməyib test etməyə cəhd göstərirlərsə, biz bunu nailiyyət adlandıra bilmərik. Ancaq istənilən halda kurslar var, hətta universitetlərdə bu tip laboratoriyalar yaradılıb, lakin yaratdıqları məhsula dair informasiya hələki yoxdur", - o qeyd edib.
Elvin Abbasov əlavə edib ki, süni intellektin Azərbaycanda inkişaf etməsinə yerli brendlərin ixtirası da kömək ola bilər:
"İstənilən halda süni intellektin inkişafı Azərbaycanda olacaq. Ümumiyyətlə, texnoloji üzrə inkişaf ölkələr üzrə artıq bölünə bilməyəcək. Hətta bir çox xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı mütəxəsislərdə var. Həmin o dəyərli insanlar çox böyük şirkətlərdə fəaliyyət göstərirlər. Məsələn, Google, Microsoft və digərləri. İstənilən halda onlar Azərbaycan üçün proyektlər icra edirlər və yaxud da hər hansı bir proyektin içində fəaliyyət göstərirlər. Onların orada həyata keçirdikləri təcrübələr istər-istəməz Azərbaycana da ötürüləcək. Süni intellekt qısa bir müddət ərzində dövlət sahələrində mövcud olacaq. Yəni bu birmənalı şəkildə sual altında deyil ki, süni intellekt ölkəmizdə tətbiq olunacaq ya yox? Yüz faiz tətbiq olunacaq. Sadəcə çalışmalar kifayət qədər çox deyil. Ancaq qısa bir müddət ərzində bir çox yerlərdə süni intellektdən istifadə olunacaq. Süni intellektin Azərbaycanda perspektivi özəl sektorlarda olması ilə yanaşı daha sürətli yerli məhsulların ixtirası ilə də təkmilləşəcək. Eyni zamanda dövlət sahələrindən olan Azərkosmos, aviasiya sahələri üzrə nailiyyətlər qazanacağımıza ümid edirik", - Abbasov söyləyib.
İnsan zəkasını imitasiya edə bilən texnologiyanın, yəni bu gün bildiyimiz süni intellektin ideyası müasir kompüterlər ortaya çıxmamışdan çox əvvəl yaranıb. Süni intellekt termini ilk dəfə 1956-cı ildə Dartmut konfransı zamanı istifadə olunub. Həmin dövrdən sonra dünya üzrə korporasiyalar və hökumətlər süni intellektin inkişafına böyük sərmayələr yatırmağa başlayıb.
Lakin 1974-cü ildə süni intellekt sahəsində tədqiqatların maliyyələşdirilməsi dayandırılıb. Bu dövrdən sonra süni intellektə maraq periodik yaranıb itsə də, super kompüterlərin ortaya çıxması bu sahənin inkişafında yeni dönəm açıb. 1997-ci ildə şahmat üzrə o zamankı dünya çempionu Harri Kasparov “Deep Blue” super kompüterinə uduzub.
Süni intellektin pionerləri olan Nobel mükafatı laureatları Herbert Saymon və Allen Nyuell hələ 1958-ci ildə 10 il sonra rəqəmsal kompüterin şahmat üzrə dünya çempionu olacağını iddia edirdilər. Təxminən 30 il gecikmə ilə olsa da, bu baş verdi. Artıq 2000-ci illərdə kompüterlərin hesablama gücü böyük məlumat axınlarını emal etməyə imkan verirdi. İnternetin yaranması ilə isə yığılan və emal olunan məlumatların sayı kəskin artdı. Bu, süni intellekt texnologiyasının inkişafı üçün əlavə stimul oldu. Hazırda bir çox ölkədə bu sahə araşdırılır, süni intellektdən geniş istifadə olunur. İnvestisiya bankiri Qoldman Saksın hesabatında məhsuldar süni intellektin 300 milyon iş yerinə təsir göstərə biləcəyi təxmin edilib. "Əgər məhsuldar süni intellekt vəd edilmiş imkanlarını yerinə yetirərsə, əmək bazarı əhəmiyyətli pozulmalarla üzləşə bilər" - deyə Qoldman araşdırmasında göstərib. Qoldman əlavə edib ki, ABŞ-də iş yerlərinin təxminən üçdə ikisi süni intellekt tərəfindən avtomatlaşdırılır və bu təsirə məruz qalan vəzifələrin iş yüklərinin 50 faizə qədəri dəyişdirilə bilər.
Fatimə Mustafayeva
