Bu gün:

"Təqaüd proqramı ilə ölkəmi tanıtmaq imkanı qazandım" – Koreyada təhsil alan azərbaycanlı gənclə müsahibə


24media.az-ın budəfəki müsahibi Koreyada təhsil alan Şəhla Ağayarlıdır. O, əldə etdiyi uğurlardan, "Leyli və Məcnun" əsərini Koreyada tanıtmasından danışıb. 

Müsahibimiz Şəhla Ağayarlı Koreyada aldığı təhsildən danışıb: 

"Global Korea Scholarship (GKS) proqramının məzunuyam. Hazırda Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı (BMU–INHA İDP) çərçivəsində mütəxəssis kimi fəaliyyət göstərirəm. Eyni zamanda, Koreya dili müəllimi olaraq bu sahəyə maraq göstərən gənclərlə bilik və təcrübəmi bölüşürəm. Bu gün gəldiyim nöqtə bir təsadüf deyil, uşaqlıqdan gələn marağın, illərlə çəkilən zəhmətin və heç vaxt itməyən inamın nəticəsidir". 

O bildirib ki, bu dilə olan marağı sayəsində "Koreyaşünaslıq" ixtisası üzrə təhsil alıb:

"Koreya dilinə olan marağımın təməli çox kiçik yaşlarda qoyulub. Təxminən 12–13 yaşlarımda Koreya filmlərinə baxmağa başlamışdım. Hər izlədiyim film, hər eşitdiyim musiqi məndə bu dilə qarşı bir simpatiya, dərin bir maraq oyadırdı. Zamanla başa düşdüm ki, filmləri izlədikcə artıq dili hiss etməyə, anlayış səviyyəmdə tanımağa başlamışam, baxmayaraq ki, yaza və oxuya bilmirdim, eşitdiklərimi artıq dərk edə bilirdim. İllər keçdikcə bu maraq daha da gücləndi. Artıq bu dili sadəcə eşitmək deyil, akademik olaraq öyrənmək istəyirdim. Buna görə də Bakı Dövlət Universitetinin “Koreyaşünaslıq” ixtisasına qəbul oldum. Burada Koreya dilini artıq sistemli və dərindən öyrənməyə başladım. Ən böyük şansım isə bu dili birbaşa koreyalı müəllimdən öyrənmək oldu – bu, dilin yalnız qrammatikasını deyil, kültürünü, ruhunu da qavramağıma imkan yaratdı".

Şəhla xanım GKS təqaüd proqramına müraciət etməsindən, qazandığı uğurlar haqqında bunları deyib:

Bakalavr təhsilimin gedişində artıq öz yolumu müəyyən etmişdim – bu sahədə tam ixtisaslaşmaq istəyirdim. Hələ 4-cü kursda oxuyarkən artıq Koreya dili müəlliməsi kimi kurslarda çalışırdım. Bu, mənim üçün həm motivasiya, həm də özümü sınamaq fürsəti oldu. Daha sonra GKS təqaüd proqramına müraciət etməyə qərar verdim. Müraciətimi “Koreya dili və ədəbiyyatı” ixtisası üzrə Konkuk Universitetinə etdim. Bu zaman artıq TOPIK 5 səviyyəsinə sahib idim, müəllimlik təcrübəm vardı, ixtisasımla bağlı tədbirlərdə iştirak etmiş, müxtəlif sertifikatlara layiq görülmüşdüm. Bütün bu göstəricilər nəticəsində təqaüdə qəbul almaq şansım artdı və Koreyada təhsil almaq arzuma qovuşdum. Bu dil mənim üçün sadəcə ünsiyyət vasitəsi deyil, qapılar açan bir körpü oldu. GKS sayəsində Koreyada təhsil almaqla yanaşı, öz üzərimdə işləmək, fərqli mədəniyyətləri tanımaq və öz ölkəmi təmsil etmək imkanı qazandım. 

Müsahibimiz “Leyli və Məcnun” əsərini Koreya dilinə necə tərcümə etməsindən  danışıb:

"Koreyada təhsilimin son ili idi. Magistraturanın diplom işi mərhələsində professorum məndən Azərbaycan və Cənubi Koreya ədəbiyyatından iki bənzər əsərin müqayisəli təhlilini aparmağımı istədi. Bir neçə əsər üzərində düşündükdən sonra mənə ən uyğun seçim kimi “Leyli və Məcnun” göründü. Koreyada bu əsərə oxşar “Chunhyangcheon” adlı klassik bir əsər var idi və bu iki əsəri müqayisə etmək həm ədəbi, həm də mədəni baxımdan olduqca maraqlı idi. Araşdırma zamanı öyrəndim ki, “Leyli və Məcnun” əsəri vaxtilə Koreya dilinə tərcümə olunub. Bu məlumat məni daha da ruhlandırdı. Düşündüm ki, bu əsəri həm professoruma, həm də Koreya ictimaiyyətinə elmi və ədəbi cəhətdən tanıtmaq üçün əla fürsətdir. "İlk olaraq əsəri Azərbaycan dilində yenidən və bütün dərinlikləri ilə oxudum. Daha sonra Koreya dilində tərcümə edilmiş versiyasını əldə edib sətir-sətir analiz etdim, hər detala xüsusi diqqət yetirdim. 

“Chunhyangcheon” əsəri ilə tanış olmaq üçün isə ilk növbədə kitabın Şimali Koreyada yayımlanmış orijinal versiyasını tapdım və oxudum. Ardınca Cənubi Koreyada daha çox tanınan versiyalarını da oxuyaraq hər iki əsəri kontekstual, mədəni və ədəbi baxımdan dərin şəkildə müqayisə etdim. Bütün bu araşdırmalardan sonra aylarla gecə-gündüz üzərində çalışaraq diplom işimi tamamladım. Universitetdə təşkil edilən təqdimatda fakültənin bütün professorları, tələbə heyəti və digər universitetlərdən dəvət olunmuş professorlar qarşısında işimi müdafiə etdim. Təqdimat zamanı “Leyli və Məcnun” əsərini izah edərkən professorum kitabı əlində qaldıraraq auditoriyaya təqdim etdi və dedi: “Bu əsər mütləq oxunmalıdır”. O an balaca Şəhlanın illər əvvəl başladığı yol gözlərinin önündə canlandı. Filmlərlə dilini sevib, sonra o dili öyrənib, bu gün Azərbaycan ədəbiyyatının klassik incisini Koreya akademik dairələrində təqdim etmək… Bu mənim üçün təkcə uğur deyil, həm də çox dərin, kövrək bir hiss idi". 

"Hədəfim yalnız öz uğurum deyil, gələcək nəsillərin uğuruna da töhfə verməkdir", – deyə müsahibimiz bildirib:

"Hazırda BMU–INHA ikili diplom proqramında mütəxəssis kimi çalışmaqla yanaşı, Koreya dili müəlliməsi kimi də fəaliyyət göstərirəm. Gələcəkdə bu sahədə daha da dərinləşmək, akademik istiqamətdə elmi tədqiqatlar aparmaq, məqalələr yazmaq, eyni zamanda Koreya dili və mədəniyyətinə maraq göstərən gənclər üçün təlim və layihələr təşkil etmək planlarım arasındadır. 

Hədəfim yalnız öz uğurum deyil, gələcək nəsillərin uğuruna da töhfə verməkdir. Onların yoluna bir az işıq sala bilirəmsə, bu mənim üçün böyük qazancdır". 

Sonda isə Şəhla xanım gənclərə öz tövsiyəsini verib:

"Gənclərə ürəkdən demək istəyirəm: Heç vaxt xəyallarınızdan vaz keçməyin. Onlar bəzən çox uzaqda görünə bilər. Ətrafınızdan “bu mümkün deyil”, “çox çətindir” kimi sözlər eşidə bilərsiniz. Amma unutmayın, əgər qəlbinizlə istəyirsinizsə və çalışmaqdan qorxmursunuzsa, hər şey mümkündür. Bir gün o uzaq xəyallar, gerçək gününüz olacaq. Mənim hekayəm buna bir nümunədir. Ümid edirəm ki, bu müsahibə gənc birinin yolunu işıqlandırar, kimsə oxuyub deyər: “Əgər o bacarıbsa, mən də bacararam”.

Həvva Cəbrayılova 









Paylaş
Şərh əlavə et