Bu gün:

Universitet gözləntiləri doğruldurmu?


Müasir dövrdə bir çox abituriyentlərin arzusu tələbə olmaq, istədikləri universitetə qəbul olub həmin peşəyə dərindən yiyələnməkdir. Bununla yanaşı, ortaya belə bir sual çıxır:

"Universitet gözləntiləri doğruldurmu?

24media.az olaraq bu sualı müxtəlif ixtisas və universitetləri bitirən məzunlara verdik. İlk olaraq, ünvanladığımız suala

Coğrafiya fakültəsi, Bakı Dövlət Universitetinin məzunu cavab verdi:

Universitetin yaratdığı iş imkanları qane edir? Eyni universitetdə magistratura oxumaq istərdinizmi?

"Bakı Dövlət Universiteti Turizm və Otelçilik ixtisası üzrə 2019-2023 tədris illərində bakalavr təhsili almışam. Magistratura üçün xaricə getməyi planlayıram. Bu səbəbdən həmin müəssisədə təhsilimə davam etməyəcəyəm. Fikrimcə, təhsil keyfiyyətinin qaneediciliyi müəllim kollektivindən asılıdır. 4 il müddətində çox savadlı tədrisçilər olduğu qədər, qane etməyən kollektiv də  olub. İş imkanlarına gəldikdə isə uğurlu tələbələrə istehsalat təcrübəsi üçün yönləndirildiyi şirkətlər tərəfindən iş imkanları yaradılıb. Özüm isə turizm sahəsində deyil, ikinci ixtisasım olan qrafik dizayn sahəsində fəaliyyət göstərdiyim üçün bu təklifi qəbul etməmişəm".

Murad İskəndərzadə, Ekologiya və torpaqşünaslıq fakültəsi, BDU məzunu

"Universitet təkcə ixtisas yox, həm də həyatı öyrədir. Mən ekologiya və torpaqşünaslıqda oxuyuram. Ekologiyanı bitirdikdən sonra biznes sahəsində işləsəm belə, universitet oxumayan adamla mənim aramda dünyagörüş cəhətdən fərq olacaq. Universitetin öyrətdikləri, imkanları tələbə üçün öncəlikdir. Universitet mənə gözləntilərimdən daha artığını verib. İş imkanları isə hər ixtisasa görə, eyni zamanda, tələbata görə dəyişir. Məsələn, ekologiyaya tələbat var və artır. Kitabxanaçılığa isə tələbat azdır. Bu da iş imkanlarını aşağı salır. Eyni universitetdə isə oxumaq istəməzdim. Çünki başqa bir mühit insanın dünyagörüşünü daha da artırır."

Mühəndislik fakültəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu

"Universitet gözləntilərimi tam yox, bəzi məqamlarda doğrultdu. İş imkanları isə hələ ki qane etmir və işləmək üçün təcrübə lazımdır. Ona görə universiteti günahlandırmaq doğru olmaz. Yenidən bakalavr oxumaq şansım olsaydı, yenə UNEC-i seçərdim. Həm müəllimləri, həm də bal sistemi çox yaxşıdır. Oxuyan tələbə isə həmişə qiymətləndirilir. Eyni universitetdə magistratura oxumaq istərəm, çünki həm çox ədalətlidir, həm də dərs metodlarını sevirəm. Başqa universitet mənə biraz uzaq gəlir. Öz universitetimi sevərək oxumuşam və heç vaxt seçimimdən peşman olmamışam".


Gülay Orucova

Paylaş
Şərh əlavə et