Elm dünyasında maraq doğuran mühüm yenilik baş verib. Alimlər tarixdə ilk dəfə çılpaq gözlə müşahidə edilə bilən zaman kristalı yaratmağa nail olublar.

Neon rəngli dalğavari xətlər şəklində özünü büruzə verən bu xüsusi quruluş, uzun müddətdir nəzəri olaraq müzakirə olunan bir fenomenin real həyatda təsdiqi kimi qiymətləndirilir.
Tədqiqatlar Kolorado Boulder Universitetindən Hanqing Zhao və İvan Smalyukh tərəfindən aparılıb. Eksperimentlərdə həm maye, həm də kristal xüsusiyyətlərinə malik maye kristallardan istifadə edilib. Bu maddələr gündəlik həyatımızda LCD ekranlarda da qarşımıza çıxır.
Araşdırmada maye kristal boya ilə örtülən şüşə lövhələr arasına yerləşdirilib. Müəyyən işıq şüaları göndərildikdə, boya molekulları istiqamətini dəyişdirərək kristal üzərinə təzyiq göstərib. Nəticədə kristal daxilində bir-birini təkrarlayan qıvrımlar formalaşıb. Bu proses işıq və temperatur dəyişmələrinə baxmayaraq saatlarla davam edən rəngli naxışların yaranmasına gətirib çıxarıb.
Zaman Kristalı Nədir?
Zaman kristalları anlayışı ilk dəfə 2012-ci ildə Nobel mükafatçısı fizik Frank Vilçek tərəfindən irəli sürülüb. Lakin həmin dövrdə bu nəzəriyyənin təbiət qanunlarını pozacağı ehtimalı alimlər arasında ciddi mübahisələrə səbəb olub. 2016-cı ildə ABŞ-lı tədqiqatçılar bu fenomeni eksperimental şəkildə müşahidə etməyi bacarıblar.
Adi kristallar atomların məkanda nizamlı qəfəs forması yaratması ilə xarakterizə olunur. Zaman kristalları isə yalnız məkanda deyil, zamanda da təkrarlanan quruluşa malikdir. Başqa sözlə, bu zərrəciklər ətraf mühitdən asılı olmadan öz daxili ritmləri ilə mütəmadi salınımlar edir.
Hazırkı araşdırma zaman kristalının bütün elmi meyarlarına cavab verir. Bununla belə, mütəxəssislər müxtəlif şəraitlərdə yeni xüsusiyyətlərin üzə çıxa biləcəyini və anlayışın gələcəkdə daha da genişlənəcəyini istisna etmirlər.
Alimlərin fikrincə, bu kəşf yalnız fundamental elm baxımından deyil, həm də gələcəyin texnologiyaları üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə kvant informasiya emalı, enerji səmərəliliyi və yeni nəsil material texnologiyalarında zaman kristallarının mühüm rol oynaması gözlənilir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
