“İncəsənətin inciləri” rubrikası bu dəfə sizə Amerikalı rəssam Ettore “Ted” De Grazianı təqdim edir.
Amerikalı rəssam Ettore “Ted” De Grazia 20-ci əsrin ən rəngarəng simalarından biridir. O, bəlkə də daha çox yerli amerikalı uşaqların pastel rəsmlərindən tanınır. UNICEF-in təbrik kartlarında da yer alan bu əsərlər De Grazianın sadə insanlara olan sevgisini və rənglərə duyduğu ehtirası əks etdirir.
De Grazia üçün incəsənət sadəcə fırça ilə kətan arasında qalmayıb, o, musiqi ilə rəssamlıq arasında körpü qurmağa çalışıb. Magistr işini də bu mövzuya həsr edib. Onun fikrincə, “rəssamlıq və musiqinin ortaq kökü emosiyadır”. Yəni eşitdiyimiz melodiyanı rənglərdə, gördüyümüz rəsmi isə sanki səsdə duymaq mümkündür.
Maraqlısı odur ki, o, tələbələri üzərində sınaqlar keçirib. Məsələn, Brahmsın “Macar rəqsi”ni dinləyən yüzlərlə tələbədən musiqini rənglərlə ifadə etmələrini istəyib. Nəticələr göstərib ki, musiqi ilə rənglər arasında doğrudan da bir əlaqə var. De Grazia hətta “rəng maşını” adlandırdığı xüsusi təcrübə quraraq səsin rənglərə çevrilməsini vizual şəkildə təqdim etməyə çalışıb.
Onun rəsmlərindəki emosional güc də buradan doğub: sanki musiqini görə, rəngləri eşidə bilirsiz. Arizona səhrasında yaratdığı məşhur “Günəşdə qalereya” isə bu düşüncələrin, təcrübələrin və əsərlərin evi olub. Bu gün də həmin qalereya onun incəsənətə gətirdiyi qeyri-adi baxışın canlı şahididir.
De Grazianın işi bizə sadə, amma dərin bir həqiqəti xatırladır: İncəsənət duyğuların dilidir - istər musiqidə, istər rəssamlıqda, istərsə də həyatın özündə.
Hazırladı: Talehə Hüseynzadə
