“İncəsənətin inciləri” rubrikası oxucularını bu dəfə xəyal ilə dəli təfəkkürünün kəsişdiyi qəribə bir dünyaya aparır - “dəlilərin sənəti”. İlham və zülmət arasında qalan bu kolleksiya həm incəsənətin gücünü, həm də onun necə təhrif oluna biləcəyini göstərir.

1920-ci illərdə Avropa sənət aləmi sarsıntı içində olub. Birinci dünya müharibəsinin dəhşətindən çıxan gənc rəssamlar gördülər ki, ənənəvi incəsənət insan ağrısını ifadə etməyə yetmir. Onlar yeni yollar axtarmağa başlayıblar və diqqətlərini Heidelberg Universitetinin psixiatriya klinikasında toplanmış qəribə, amma heyrətamiz bir kolleksiya çəkib:“dəlilərin sənəti”.
Bu kolleksiyanı həkim və sənət tarixçisi Hans Prinzhorn toplayıb. O, yüzlərlə ruhi xəstənin çəkdiyi əsərləri bir araya gətirib və 1922-ci ildə “Ruh xəstələrinin sənəti” adlı kitab nəşr edib. Qırıq xətlər, qeyri-adi simalar, xəyali məxluqlar - hamısı insan psixikasının dərinliklərindən gələn səslər kimi görünürdü. Sürrealistlər, xüsusilə Max Ernst və Salvador Dali bu əsərlərdə “şüurun gizli qapılarını” görüblər. Onlar üçün bu rəsmlər ənənəvi düşüncədən kənara çıxmaq üçün bir kompas olub.
Amma bu əsərlər başqa bir yolun da qapısını açıb - daha qaranlıq və amansız bir yolun. Adolf Hitler və nasist ideoloqları həmin sənəti “çürümüş”, “degenerasiya olunmuş” adlandıraraq modernistləri ruhi xəstələrlə eyni səviyyəyə endiriblər. 1937-ci ildə keçirilən məşhur “Degenerasiya olunmuş incəsənət” sərgisində Prinzhorn kolleksiyasından əsərlər də nümayiş olunub, amma ilham mənbəyi kimi yox, xalqı qorxutmaq və nifrət oyatmaq üçün.
Daha dəhşətlisi isə, nasistlər üçün bu əsərlər sadəcə təbliğat vasitəsi olmayıb. Onlar “xəstə” hesab etdikləri insanların özlərini də məhv etməyə qərar veriblər. 1939-cu ildən başlayan Aktion T4 proqramı ilə on minlərlə ruhi xəstə sistemli şəkildə öldürülüb. Onların arasında Prinzhorn kolleksiyasının istedadlı “dəliləri” də olub.
Bütün faciələrə baxmayaraq, kolleksiya möcüzəvi şəkildə sağ qalıb. Müharibədən sonra Jean Dubuffet kimi rəssamlar həmin əsərlərdən ilham alaraq “art brut” - yəni xam, institusional çərçivədən kənar sənət anlayışını yaradıblar. Beləliklə, təcrid olunmuş xəstəxana divarlarından doğan bu əsərlər həm sürrealistlərin xəyal dünyasını qidalandırıb, həm də incəsənətin sərhədlərini əbədi olaraq dəyişib.
Bu hekayə bir həqiqəti xatırladır: sənət insan ruhunun ən qaranlıq yerlərində belə işıq tapa bilər, amma o işıq kiminsə əli ilə zülmətə də çevrilə bilər.
Mənbə: The Guardian, artlark.org
Hazırladı: Talehə Hüseynzadə
