Zəlzələləri tam olaraq proqnozlaşdırmaq mümkün olmasa da, alimlər onların harada və necə baş verə biləcəyini öyrənmək üçün Yer qabığındakı hərəkətləri izləyirlər. Bu araşdırmalar bir çox elmin əməkdaşlığı ilə həyata keçirilir.

İTU Avrasiya Yer Elmləri İnstitutundan Prof. Dr. Sinan Özerenin sözlərinə görə, Türkiyədə aktiv fay xətləri əsasən peyk texnologiyası ilə izlənilir. GPS stansiyaları və INSAR sistemi vasitəsilə Yer qabığındakı millimetr səviyyəsində dəyişikliklər aşkar edilir. Bu texnologiyalar quruda çox effektiv olsa da, dənizaltı fayların izlənilməsində məhdudiyyət yaradır.
Mərmərə dənizindəki fay xətləri xüsusi gəmilərdən idarə olunan seysmik əks etdirmə üsulu ilə araşdırılır. Bu zaman suya süni dalğalar göndərilir, onların qayıdışı isə seysmometrlərlə qeydə alınaraq dəniz dibinin “tomoqrafiyası” hazırlanır. Bundan əlavə, alimlər dəniz dibinə yerləşdirilən akustik cihazlarla fayın hərəkətlərini birbaşa ölçməyə çalışırlar. Araşdırmalar göstərib ki, Mərmərə dənizində bəzi fay hissələri kilidlənmiş vəziyyətdədir və bu da böyük zəlzələ riskini artırır.
Zəlzələlərin tarixi gedişatını öyrənən paleosesmologiya isə xəndək qazıntıları və dəniz dibindən götürülən nümunələr üzərində işləyir. Bu üsulla alimlər keçmişdə baş vermiş böyük zəlzələlərin vaxtını və təkrarlanma intervalını müəyyən edirlər.
Fay xətlərini seysmoloqlar və geofizika mühəndisləri izləyir. Seysmoloqlar seysmik dalğaları analiz edərək zəlzələnin mənbəyini, böyüklüyünü və mexanizmini müəyyənləşdirirlər. Geofizika mühəndisləri isə yeraltının strukturu və fiziki xüsusiyyətlərini öyrənərək fayların dəqiq xəritəsini çıxarırlar.
Nəticə olaraq, zəlzələ qırılma xətləri peyklər, seysmik tədqiqatlar, qazıntılar və geofiziki ölçmələrlə izlənilir. Əldə edilən məlumatlar isə kompüter simulyasiyalarında işlənərək gələcəkdə baş verə biləcək zəlzələlərin risklərini qiymətləndirməyə kömək edir.
Mənbə: BBC news
Tərcümə etdi: Asiya Zeynallı
