1962-ci il yanvarın 14-də Türkiyə Böyük Millət Məclisinin gündəliyində müzakirə olunan mövzulardan biri bira olub.
CHP-dən Yozqat millət vəkili Cəlal Sunqur tribunada çıxış edərək, ilk tarixi biranın Yozqat ətrafında hetitlər tərəfindən hazırlandığını və bölgənin arpasının pivə istehsalı üçün ən əlverişli məhsul olduğunu vurğulayıb.
Daha sonra MHP-yə çevriləcək CKMP partiyasının üzvü İsmail Hakkı Akdoğan isə Yozqatda pivə istehsalının bölgədə işsizliyin qarşısını alacağını və Anadoludakı pivə qara bazarına son qoyacağını bildirib.
Uzun illər davam edən layihələndirmə və tikinti işlərindən sonra Yozqat Bira Zavodu 1972-ci ildə istifadəyə verilib. 2000-ci illərə qədər zavod şəhərin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. Ancaq sual açıq qalır: Zavod Yozqatı necə dəyişdirib və bağlandıqdan sonra nələr baş verib?
Adnan Menderesin layihəsi
Zavodun hekayəsi, əslində 1950-ci illərə gedib çıxır. Yozqat millət vəkillərinin israrı ilə Baş nazir Adnan Menderes şəhərdə bira zavodu tikilməsi üçün hesabat hazırlatdırıb. Lakin 27 may 1960 çevrilişindən sonra layihə “zavod rentabelli olmayacaq” səbəbilə dayandırılıb.
Buna baxmayaraq, Yozqatlı millət vəkilləri layihənin davam etməsi üçün Ankara ilə əlaqələrini davam etdiriblər. 1962-ci ildə parlamentdə etdikləri çıxışlar da bu səylərin bir hissəsi olub. Nəhayət, 1963-cü ildə layihənin icrasına yenidən icazə verilib.
Bayram ab-havasında təməlqoyma
Yozqat Bozok Universitetinin dosenti, Dr. Haticə Güzəl Mumyakmaz, şəhərin inkişaf problemləri ilə bağlı araşdırmaları çərçivəsində zavodu da öyrənmişdir. Onun sözlərinə görə, Yozqatın “geri qalmışlığı” səbəbilə zavodun tikintisi şəhərdə böyük həyəcan doğurub.
1966-cı ildə o zamankı Baş nazir, Ədalət Partiyasının lideri Süleyman Dəmirəlin də qatıldığı təməlqoyma mərasimi tam bir bayram ab-havasında keçirilib.
Şəhər sakini, sənətkar Abbas Ayna həmin günü belə xatırlayır: “Uşaqlığımın səkkiz-doqquz yaşları idi. Dəmirəl gəldi, insanlar izdihamla toplandılar, ‘çibidik’ (alqış) çaldılar".
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
