Bu gün ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi kimi problemlər elm dünyasını daha davamlı həll yolları hazırlamağa sövq edir. Bu kontekstdə “Yaşıl kimya” anlayışı həm ekoloji cəhətdən təmiz, həm də iqtisadi cəhətdən davamlı bir yanaşma kimi önə çıxır. Yaşıl kimya nədir və niyə bu qədər vacibdir?

Yaşıl kimya kimyəvi məhsul və prosesləri layihələndirərkən ətraf mühitə uyğun hərəkət etməyi qarşısına məqsəd qoyan bir elm sahəsidir. Bu yanaşma enerji səmərəliliyini artırmaq və tullantıları azaltmaqla yanaşı, zəhərli maddələrin istifadəsini və istehsalını minimuma endirmək məqsədi daşıyır.
Yaşıl kimya amerikalı kimyaçılar Paul Anastas və John Warner tərəfindən hazırlanmış 12 fundamental prinsipə əsaslanır. Yaşıl kimya prinsipləri təkcə laboratoriyaları deyil, həm də sənayeni dəyişdirir. Bu prinsiplər təmiz enerji istehsalından tutmuş təkrar emal edilə bilən qablaşdırmaya qədər bir çox sahədə tətbiq olunur. Məsələn, bəzi şirkətlər indi bioloji parçalana bilən plastiklər istehsal edir, əczaçılıq sənayesi isə daha az zəhərli həlledicilərdən istifadə edir.
Mütəxəssislərin fikrincə, yaşıl kimya həm ekoloji cəhətdən təmiz, həm də iqtisadi cəhətdən sərfəli gələcək istehsal proseslərinin əsasını təşkil edəcək. Ona görə də alimlərdən tutmuş sənayeçilərə, tələbələrə qədər hər kəsin bu sahəyə maraq göstərməsi çox vacibdir.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
