24media.az-ın budəfəki müsahibi İstanbul Gaziosmanpaşa Xəstəxanası, İstinye Universitetinin qulaq-burun-boğaz üzrə mütəxəssisi Uzman Dr. Rəvan Məmmədovdur.
Müsahibə ərzində mütəxəssis uşaqlarda qulaq-burun-boğaz problemlərinin müasir yanaşmaları, əməliyyat göstərişləri, burun deviasiyasının sistemik təsirləri və uşaq yaşda eşitmə itkisinə səbəb olan otoloji patologiyalar haqqında danışıb.

Günümüzdə artıq boğaz əməliyyatı uşaqlarda o qədər də tez-tez aparılmır, səbəbi nədir?
Əslində qulaq, burun, boğaz (QBB) sahəsində ən çox aparılan cərrahi müdaxilələrdən biri adenoidektomiya və tonsillektomiyadır (xalq arasında “burun və boğaz əti” əməliyyatı kimi tanınır). Təkcə ABŞ-də bu əməliyyatların sayı illik 695 mini keçir. Lakin qlobal miqyasda, eləcə də Azərbaycan və Türkiyədə bu cərrahi müdaxilələrin tezliyi son illərdə azalmaqdadır. Bunun əsas səbəblərindən biri keçmişdə antibiotiklərin əlçatan olmaması, eyni zamanda, əməliyyat göstərişlərinin daha geniş olması ilə bağlı idi.
Əvvəllər uşaqlarda ildə cəmi 2-3 dəfə tonzillit keçirilməsi belə əməliyyata əsas sayılırdı. Hətta vizual olaraq tonzillərin böyüklüyü əməliyyata göstəriş kimi qəbul edilirdi. Lakin zamanla bu yanaşmalar dəyişdi. Xroniki infeksiyalar və "Otitis media" (orta qulaq iltihabı) halları gigiyenik şəraitin və farmakoloji imkanların məhdudluğu ilə əlaqədar daha geniş yayılmışdı. Həmçinin o dövrdə "Yuxu apneyası" (obstruktiv yuxu apne sindromu) konsepti həkimlərə və cəmiyyətə yetərincə məlum deyildi.
Son illərdə "Paradise kriteriyaları" adlanan klinik meyarlar qəbul edilib və əməliyyat göstərişləri bu kriteriyalar əsasında daha dəqiq müəyyən edilir. Məsələn, bir uşağın 1 il ərzində 7 və daha çox dəfə streptokok mənşəli tonzillit keçirməsi, son 2 ildə 5 və ya ardıcıl 3 ildə hər il 3 və daha çox epizodun olması və bu halların mikrobioloji olaraq beta-hemolitik streptokok infeksiyası ilə əlaqəsinin təsdiqlənməsi əsas meyarlar sırasındadır.
Adenoid (burun-udlaq əti) üçün isə yalnız yuxu apneyası, təkrarlanan otit media, və ya burun arxa tıxanıqlığı kimi hallarda cərrahi müdaxilə məqbul sayılır. Artıq bir çox hallarda müalicələr konservativ yanaşma ilə (medikamentoz üsulla) həll edilir. Əməliyyatlardan sonra yaranan ən təhlükəli fəsadlardan biri isə postoperativ qanaxmadır ki, bu da əməliyyatdan mümkün qədər yayınmağı zəruri edir.
Bundan başqa, adenoid və tonzillərin immunoloji funksiyaları da nəzərə alınır. Bu orqanların uşaqlarda immun sistemin formalaşmasında əhəmiyyətli rolu olduğu üçün onların erkən yaşda çıxarılması artıq ehtiyatla yanaşılan bir məsələdir.
Burun əyriliyi (deviasiya) yalnız nəfəs çətinliyi yaradır, yoxsa yuxusuzluq və yorğunluğun da səbəbi ola bilər?
Ümumiyyətlə, burun tıxanıqlığı, xüsusilə, gecə saatlarında ağızdan nəfəs almağa səbəb olur ki, bu da yuxu keyfiyyətinə mənfi təsir göstərir. Üst tənəffüs yollarının quruması, yuxunun davamlılığının pozulması, xoruldama və obstruktiv yuxu apne kimi vəziyyətlərin yaranmasına səbəb olur. Nəticədə, yuxu zamanı mikrooyanma tezliyi artır və bu da fiziki və zehni yorğunluğa gətirib çıxarır.
Burun vasitəsilə nəfəsalma havada olan tozların və mikroorqanizmlərin filtrasiya olunması, hava axınının nəmləndirilməsi və qızdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Septum deviasiyası (burun arakəsməsinin əyriliyi) olan kişilərdə yuxu zamanı oksigen saturasiyası düşə bilər ki, bu da səhərlər yorğunluq, gün ərzində isə xronik halsızlıq hissi ilə nəticələnir.
Bununla yanaşı, deviasiyalı şəxslərdə burun boşluğunda hava axınının pozulması "mukosiliyer klirens" funksiyasını zəiflədir. Bu isə xroniki sinüzit və digər respirator infeksiyaların tez-tez təkrarlanmasına səbəb olur. Uzunmüddətli xroniki infeksiya isə orqanizmdə iltihabi yükün artmasına, zehni performansın azalmasına, baş ağrılarına və ümumi kognitiv funksiyaların zəifləməsinə yol aça bilər.
Qulaqdan maye gəlməsi və eşitmə zəifliyi uşaqda eşitmə itkisinə səbəb ola bilərmi?
Uşaqlarda qulaqdan maye axması adətən orta qulaq infeksiyaları – akut otitis media və ya xronik süpürativ otitis media ilə əlaqədardır. Bəzən isə bu hal qulaq pərdəsinin travması və ya xarici cisimlərin qulağa daxil olması nəticəsində də müşahidə oluna bilər.
Akut otitis media zamanı orta qulaq boşluğunda infeksiya nəticəsində iltihablı maye yığılır və müalicə edilməzsə qulaq pərdəsinin deşilməsi baş verə bilər. Bu da keçici eşitmə azlığına səbəb olur, çünki qulaq pərdəsinin titrəmə qabiliyyəti zəifləyir. Antibiotik müalicəsi ilə bu vəziyyət adətən tam sağalır.
Lakin xronik süpüratif otitis media hallarında infeksiya təkrarlanaraq qalıcı qulaq pərdəsi deşikləri, qulaq sümüklərinin eroziyası və "iletim tipi eşitmə azlığı" ilə nəticələnə bilər. Bu vəziyyətdə ən ciddi fəsadlardan biri kolesteatomadır. Bu patologiya sümük toxumasını deqradasiyaya uğradaraq, hətta daxili qulağa keçə və sensorinöral (neyrosensor) eşitmə itkisinə səbəb ola bilər.
Davamlı axıntı və eşitmə problemi uşaqlarda nitq və danışıq qüsurlarına, təhsil uğurlarının azalmasına və kognitiv inkişafın geri qalmasına səbəb ola bilər. Əgər bu hallar vaxtında aşkarlanmasa və müalicə edilməzsə, qalıcı eşitmə itkisi ilə nəticələnə bilər.
Erkən diaqnoz və uzunmüddətli otoloji monitorinq bu mənfi nəticələrin qarşısını almaqda əsas rol oynayır. Qulaqda maye izlənilirsə, ventilyasiya tüpü (grommet) yerləşdirilməsi sıx infeksiyanın yaranmasına və eyni zamanda, eşitmənin qorunmasına gətirib çıxarı, bununla da uşaqları müalicə edə bilərik.
Xavər Məmmədli
