Bu gün:

Siz həqiqətən eqoistsiniz?


İnsanlar təbiətlərinə görə eqoistdir? Elmi araşdırmalar nə deyir? Bu sual uzun illərdir ki, psixologiyadan biologiyaya qədər bir çox sahədə araşdırılan mühüm mövzu olub. Lakin son elmi nəticələr göstərib ki, biz düşündüyümüz qədər eqoist deyilik və əslində fitri olaraq faydalı olmağa meyilliyik.


Təyyarədə əvvəlcə öz maskanı tax: eqoizm, yoxsa rasionallıq?

Aviaşirkətlərin təhlükəsizlik elanlarında tez-tez eşidilən ifadə var: “Əvvəlcə öz oksigen maskanızı taxın, sonra başqasına kömək edin”. Bu tövsiyə ilk baxışda eqoist görünə bilər, amma əslində həyatda qalmaq üçün rasionallığı əks etdirir. Lakin zaman keçdikcə bu yanaşma müasir fərdi fəlsəfəni bəsləyən bir ideyaya çevrilə bilər.


Cəmiyyətdə artan fərdilik və yanlış fərziyyələr

Qərb cəmiyyətlərində fərdiyyətçiliyin artması psixoloqları narahat edib. Onlar bu meylin sosial münasibətlərə mənfi təsir göstərə biləcəyini vurğulayırlar. Lids Bekket Universitetinin psixologiya üzrə dosenti Stiv Taylor bildirib ki, insan beyninin əsas funksiyası sağ qalmaq olsa da, yeni elmi araşdırmalar insan təbiətində əməkdaşlığın və kömək etmənin daha önəmli olduğunu üzə çıxarıb.


Gözləyənin effekti: reallıq, yoxsa mif?

1964-cü ildə Nyu-Yorkda “Kitty Genovese”-nin öldürülməsi “gözləyənin effekti” anlayışının ortaya çıxmasına səbəb olub. Lakin illər sonra aparılan araşdırmalar bu hadisənin ictimaiyyətə təqdim olunduğu qədər passiv olmadığını göstərib. Əslində, insanlar böhran anlarında tez-tez kömək etməyə meyillidirlər.


Böhranda qəhrəmanlıq hərəkətləri

2020-ci ildə İngiltərə, Hollandiya və Cənubi Afrikada baş vermiş zorakılıq hadisələrinin təhlükəsizlik kameraları görüntülərinin təhlili göstərib ki, hər on hadisədən doqquzunda ən azı bir nəfər müdaxilə edib. Bundan əlavə, Karnegi Şücaət Medalını alanlarla bağlı araşdırma bu şəxslərin düşünmədən, instinktiv şəkildə kömək etdiyini ortaya qoyub. Başqa sözlə, bəzən yardım etmək refleksiv davranış ola bilər.


Anadangəlmə yardımçılıq

Aparılan təcrübələr göstərib ki, 14 aylıq körpələr heç bir mükafat gözləmədən ehtiyacı olan birinə əşya təklif edə bilirlər. Bu nəticələr yardım etməyin öyrənilmiş deyil, anadangəlmə bir xüsusiyyət ola biləcəyini göstərir.


Yaxşılıq etmək sağlamlıq üçün də faydalıdır

Tədqiqatlar sübut edib ki, başqalarına kömək etmək yalnız emosional deyil, fiziki baxımdan da müsbət təsir göstərir. Müntəzəm könüllü fəaliyyətlə məşğul olan şəxslərdə yüksək təzyiq riski azalır, özlərini daha yaxşı hiss edirlər və daha az təklik yaşayırlar.


İnsan təbiəti sadəcə eqoist deyil

Eqoist olduğumuzu düşünmək bəzən asan görünə bilər. Amma elmi məlumatlar göstərib ki, yardımsevərlik insan təbiətində dərin şəkildə kök salıb və çox vaxt instinktiv davranış kimi ortaya çıxır. İstər böhran anlarında, istərsə də gündəlik həyatdakı kiçik yardımlar zamanı insan beyni yalnız özünü deyil, başqalarını da düşünmək üçün proqramlaşdırılıb.


Tərcümə etdi: Səidə Əsədli

Mənbə: Fikrimucit



Paylaş
Şərh əlavə et